Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
"Report"un məlumatına görə, turun son oyununda "Sumqayıt" "Səbail"i qəbul edib. "Kapital Bank Arena"dakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesab ilk hissədə açılıb. 37-ci dəqiqədə Rəhim Sadıxov cərimə zərbəsindən baxımlı qolla "gənclik şəhəri" təmsilçisini önə çıxarıb. 74-cü dəqiqədə isə Səid Rza matçda yekun hesabı müəyyənləşdirib.
63-cü dəqiqədə qonaqların hücumçusu Nikolas Raysel rəqibin müdafiəçisi Höccət Haqverdiyə başı ilə zərbə vurduğu üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.
6 oyundan sonra qələbə qazanan "Sumqayıt" xallarını 11-ə çatdıraraq, turnir cədvəlində "Səbail"i qabaqlayıb və 5-ci pilləyə yüksəlib. 9 xalı olan "dənizçilər" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Sabah" Qəbələdə eyniadlı komandanı məğlub edib - 3:1. İlk oyun günündə isə "Zirə" evdə "Keşlə"yə 2:0, "Qarabağ" isə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəlib.