Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha 2 oyun keçiriləcək.
"Report"un məlumatına görə, günün ilk matçı əyalətdə olacaq. "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək.
4 turdan sonra 3 xalı olan "qırmızı-qaralar" sonuncu pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi isə 7 xalla 2-ci sıradadır.
Ölkə çempionatında 31 dəfə üz-üzə gəlmiş tərəflərin duelində "Qəbələ"18, "Sumqayıt" 4 dəfə qələbə sevinci yaşayıb. 9 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də meydan sahiblərinin xeyirinədir - 53-24. “Qəbələ” 16 ev oyununun yalnız birində uduzub. “Sumqayıt” son 4 matçda bir dəfə xalsız qalıb.
Günün son oyununda isə "Zirə" və "Neftçi" komandaları üz-üzə gələcəklər. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Komandalar 7 xalla turnir cədvəlində 3-4-cü yerləri bölüşdürür. Tərəflər Premyer Liqada 18 dəfə qarşılaşıblar. Bu oyunların 9-da "Zirə", 4-də "Neftçi" qalib gəlib. 5 qarşılaşmada isə heç-heçə qeydə alınıb. "Qartallar"ın vurduğu 21 qola "ağ-qaralar" 18 qolla cavab veriblər. Son 5 oyunda qonaq olan komanda qələbə qazanmayıb. “Neftçi” son 8 matçda bir dəfə uduzub.
3 oktyabr (şənbə)
Azərbaycan Premyer Liqası, V tur
14:00. “Qəbələ”– “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu.
16:00. “Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun açılış oyununda "Keşlə" səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib. "Qarabağ" - "Səbail" matçı isə təxirə salınıb.