Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Qəbələdə olacaq. Şəhərin eyni adlı komandası "Səbail"i qəbul edəcək. Hazırda əyalət komandası 26 xalla 3-cü, paytaxt klubu 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Komandalar indiyədək Premyer Liqada 17 dəfə üz-üzə gəliblər. Bunların 8-də əyalət təmsilçisi, 4 də "dənizçilər" qələbə qazanıb, 5 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində də "qırmızı-qaralar" üstündür - 31:16.
Digər matçda son çempion "Neftçi" "Keşlə" ilə üz-üzə gələcək. 15 turdan sonra "ağ-qaralar" 22 xalla 4-cü, qonaqlar 14 xalla 6-cı sıradadır. Paytaxt klubları ölkə çempionatlarında 68 dəfə qarşılaşıblar. 37 dəfə "Neftçi", 16 dəfə isə "Keşlə" meydanı 3 xalla tərk edib. Topların nisbətində də meydan sahiblərinin aşkar üstünlüyü var - 108:66.
Azərbaycan Premyer Liqası
XVI tur
19 fevral
15:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu
17:15. “Neftçi” – “Keşlə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”
Qeyd edək ki, XVI turun "Zirə" - "Sabah" matçı fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb.