"Volkovun "Zirə" ilə gələn ilin mayınadək müqaviləsi var və onun başqa kluba keçidi barədə danışmaq tezdir. Amma yığmadakı bu cür oyunlar istənilən futbolçuya marağı artırır. Volkov da bu mənada istisna deyil".
"Report"un məlumatına görə, bu fikirləri Gürcüstan millisinin və "Zirə"nin futbolçusu Davit Volkovun agenti Levan Zuxbaya "Lelo" nəşrinə açıqlamasında deyib.
O bildirib ki, son 2 mövsüm 26 yaşlı hücumçu üçün yaxşı keçib: "Volkov yaxşı komandadadır və baş məşqçi (Rəşad Sadıqovu nəzərdə tutur - red.) ona güvənir. Bunun nəticəsidir ki, futbolçu hazırda yaxşı çıxış edir. Yeri gəlmişkən, ötən mövsümdən sonra ona maraq var idi. Amma iki dəfə zədələndi. Avrokuboklara çıxan bütün komandalara isə hazır futbolçu lazımdır. Bu amil Volkova mane oldu. "Zirə" isə onun sağalması üçün hər cür kömək etdi. Hücumçu bahalı reabilitasiya kursları keçdi. Bu və bir çox başqa şeylərə görə “Zirə” rəhbərliyi təşəkkürə layiqdir. Bir daha deyim ki, Volkovun hazırkı uğuru baş məşqçinin xidmətlərinin nəticəsidir".
Zuxbaya forvardı Avropanın yaxşı liqalarından birinə göndərmək istədiyini söyləyib. Bununla yanaşı, agent hesab edir ki, Volkov hazırda ona tələbat olan yerdədir və bu, futbolçu üçün çox önəmlidir. Məsələ burasındadır ki, Volkov Azərbaycanda inkişaf etdi və özünü sübut etməyi bacardı. O, əvvəlcə "Qəbələ"yə keçdi, bu kollektivlə Avropa Liqasının təsnifat mərhələsində çıxış etdi. Daha sonra futbolçunu “Zirə”yə dəvət etdilər. Volkovun uğuruna sevinirəm. Özü də 26 yaşında milli komandaya dəvət almaqdan məmnundur".
Agent son 2 ildə futbolçuya bir neçə ölkədən təklif gəldiyini gizlətməyib: "Onunla maraqlanan klublar arasında Azərbaycan, Türkiyə, Polşa, Ukrayna və Macarıstan təmsilçiləri olub. Volkov milli və karyera maraqlarını nəzərə alaraq qərar verəcək. İndi ondan daha çox şey gözlənilir. Əminəm ki, irəliləməyə davam edəcək".
Qeyd edək ki, Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.