Olimpiya idman növləri üzrə milli komandalarımız məşqlərə başladı

Olimpiya idman növləri üzrə milli komandalarımız məşqlərə başladı Azərbaycanın olimpiya idman növləri üzrə bəzi milli komandaları məşqlərə başlayıb.
Futbol
20 Avqust , 2020 16:25
Olimpiya idman növləri üzrə milli komandalarımız məşqlərə başladı

Azərbaycanın olimpiya idman növləri üzrə bəzi milli komandaları hazırlığa start veriblər.

"Report"un məlumatına görə, boks, güləş, taekvondo və cüdo yığmaları açıq havada məşqlərini davam etdirirlər.

Taekvondo yığmasının baş məşqçisi Elnur Amanov bildirib ki, milli komanda Heydər Əliyev Mərkəzinin ərazisində hazırlaşır.

Mütəxəssis artıq iki gündür ki, məşqə başladıqlarını söyləyib: "İdmançılardan yarıdan çoxu bizimlə məşq etmir. Bəziləri rayondadır, 4 nəfər - Milad Beigi Harçeqani, Radik İsayev, Payam Qubadi və Qaşim Maqomedov Azərbaycanda deyil. Hazırda 7 nəfərlə məşq edirik. Gözləyirik ki, karantin rejimi daha da yumşaldılsın və normal məşqlərimizə qayıdaq. Küçədə məşq etmək alınmır. İdmançıların paltarlarını dəyişməyə yeri olmur, yığma komanda üçün bir az çətindir. Ümid edirik ki, sentyabrın 1-də idman zalları açılacaq və normal məşq edə biləcəyik. İdmançılar bir gün bulvarda, digər gün isə Heydər Əliyev Mərkəzinin ərazisində hazırlaşır". 

Azərbaycan Boks Federasiyasının Mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov da milli komanda üzvlərinin açıq havada məşq etdiyini söyləyib: "Əsasən fiziki təmrinlər üzərində çalışırıq. Təlim-məşq toplanışına gəlincə, bu, Operativ Qərargahın qərarından asılı olacaq. Qapalı məkanlarda məşqlərə icazə verilən gündən zalda hazırlığa başlayacağıq". 

Azərbaycanın yunan-Roma və sərbəst güləş yığmaları da məşqlərə start verib. Federasiyadan bildirilib ki, karantin rejiminin yumşaldılmasından sonra yüngül məşqlərə başlanılıb: "Tam formadan düşməmək üçün açıq havada məşqlərə icazə verilib. Güləşçilər əsasən fiziki hazırlığa üstünlük verirlər. Karantin tam ləğv olunsa, bütün yığma komandalar, o cümlədən gənclər və yeniyemələr yenidən öz bazamızda təlim-məşq toplanışına start verəcək. Ancaq hələ yarışlar yoxdur. Sentyabr və oktyabrdakı beynəlxalq turnirlər də təxirə salındı. Ona görə də hazırda ciddi məşqlərə böyük ehtiyac duyulmur". 

Cüdo federasiyasından da karantin qaydalarına ciddi şəkildə nəzarət olunaraq açıq havada fiziki məşqlərin yerinə yetirildiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi