Bakının beynəlxalq arena təcrübəsi və UEFA-nın AVRO-2020 etimadı

Bakının beynəlxalq arena təcrübəsi və UEFA-nın AVRO-2020 etimadı Artıq bir gündən sonra futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi Avropa çempionatı start götürəcək.
Futbol
12 İyun , 2021 10:55
Bakının beynəlxalq arena təcrübəsi və UEFA-nın AVRO-2020 etimadı

Bu gün Bakıda ilk dəfə futbol üzrə Avropa çempionatı həyəcanı yaşanacaq.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionu (BOS) A qrupunun Uels - İsveçrə qarşılaşmasına ev sahibliyi edəcək.

Əslində azərbaycanlı azarkeşlər bu həyəcanı ötən il yaşamalı idilər. Lakin 2020-ci ildə keçirilməli olan yarış koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

UEFA-nın 2012-ci ildə verdiyi qərara əsasən, turnirin qurumun yaradılmasının 60 illiyi ilə əlaqədar 12 şəhərdə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Avropa futbol qurumu aprelin 23-də İrlandiyanın paytaxtı Dublinin və İspaniyanın Bilbao şəhərinn oyunlara ev sahibliyi etməyəcəyini rəsmən bəyan edib. Bilbaodakı oyunlar Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda gerçəkləşəcək və beləliklə, təşkilatçı şəhərlərin sayı 11-ə düşüb.

UEFA-nın AVRO-2020 üçün etimad göstərdiyi ölkələr sırasında Azərbaycan da var. Təqvimə əsasən, BOS A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Ölkədə pandemiya ilə bağlı vəziyyətin getdikcə müsbətə doğru irəlilədiyinin şahidi oluruq. Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında azarkeşlərlə bağlı qərar qəbul edilib. Qərara əsasən, BOS-da keçiriləcək 4 oyununun hər birində arenanın ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

"Bakı 2015" I Avropa Oyunları, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasındakı UEFA Avropa Liqasının finalı və bır sıra beynəlxalq oyunlara ev sahibliyi etmiş BOS da bu cür yarışdan kənarda qala bilməzdi. Əvvəlki idman tədbirlərini yüksək səviyyədə təşkil etmiş Azərbaycan daha böyük yarışa ev sahibliyi etməyə haqq qazanıb.

Təbii ki, müasir idman infrastrukturuna malik olması və yarışların təşkilində yetərincə təcrübəyə yiyənlənməsinin nəticəsi olaraq, Bakı AVRO-2020-nin təşkilatçı şəhərləri siyahısına daxil edilib. Avropa çempionatından cəmi bir həftə əvvəl Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi azarkeşsiz də olsa, baş tutub. İyunun 6-dan bu günədək hələ də yarış haqqında danışılır. Bakıdakı 4 oyundan sonra da eyni halın yaşanacağına şübhə yoxdur.

Çempionat əvvəlcədən planlaşdırılan vaxtda baş tutmasa da, 2020-ci il ölkəmiz üçün unudulmaz oldu. Vətən müharibəsindəki qələbə sayəsində ərazi bütövlüyümüz bərpa edildi. Müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli AVRO-2020 kimi yarışa ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini, çevik toparlanma qabiliyyətini göstərir. Əminliklə deyə bilərik ki, inkişafda olan digər ölkələrdə belə hal baş versəydi, yəqin ki, beynəlxalq yarış keçirməkdən boyun qaçırardılar. Bu, həm də təşkilatçıların Avropa Liqasının finalından sonra Azərbaycanın gücünə və potensialına olan inam və etimadın təzahürüdür. Görünən odur ki, qitənin iki nömrəli klub turnirinin finalından sonra UEFA-da Azərbaycanla bağlı müsbət rəy formalaşıb. Şübhəsiz ki, bundan sonra da qurum yarış keçirməklə bağlı ölkəmizə inamını davam etdirəcək.

Türkiyə millisinin oyunlarının paytaxtımızda keçirilməsi yerli futbol azarkeşlərini sevindirməyə bilməz. Məhz qonşu ölkənin azarkeşləri Bakıda çoxluq təşkil edəcək. AVRO-2020-nin 12 şəhərdə təşkilindən əvvəl Türkiyə Futbol Federasiyası yarış üçün namizədliyini təkbaşına irəli sürüb. Lakin sonradan çempionatın müxtəlif şəhərlərdə keçirilməsi qərarlaşdırılıb və bu da Türkiyənin namizədliyini geri götürməsinə səbəb olub. Yəqin ki, yarışın təşkilatçı şəhərlərdən biri kimi Bakıya verilməsinə onlardan çox sevinən olmayıb.

Dünya səviyyəli tədbirlərin keçirilməsi Azərbaycanın, onun inkişaf səviyyəsinin, turizm potensialının dünyada təbliği baxımından əhəmiyyətlidir. Tək 2019-cu il Avropa Liqasının final oyunu üçün Bakıya 38 min əcnəbi vətəndaş gəlib. İyunun 16-də Bakıda keçiriləcək Türkiyə - Uels matçına isə 20 mindən çox bilet satılıb. Bu rəqəmin daha da artacağı gözlənilir.

Pandemiyaya baxmayaraq Azərbaycana gələcək azarkeşlər karantinə alınmayacaq. Onlar hava limanında neqativ koronavirus testlərini təqdim edərək paytaxta daxil ola bilərlər. Nəzərə almaqlıyıq ki, 2020-ci ilin əvvəlindən sərhədlər bağlı olub və ölkəyə yetərincə turist gəlməyib. Avropa çempionatı isə turist axınını artırmaq üçün əlavə addım ola bilər. Buraya gələcək qonaqlar da ölkənin turizm potensialına bələd olacaq və növbəti dəfə də paytaxta təşriv buyurmağa can atacaq. Dövlət başçısı İlham Əliyev xarici azarkeşlərin AVRO-2020-yə gəlişinin rahatlaşması üçün müxtəlif sərəncamlar da imzalayıb.

Beləliklə, Azərbaycanda daha bir mötəbər yarışa saatlar qalır. Bakı bugünkü oyundan sonra Türkiyə millisinin Uels və İsveçrə ilə qarşılaşmalarına ev sahibliyi edəcək. İyulun 3-də isə BOS-da 1/4 final mərhələsinin bir oyunu gerçəkləşəcək. Başqa sözlə, Bakı bir ayadək diqqət mərkəzində olacaq. Qalır daha bir sınaqdan üzüağ çıxmaq.

Son xəbərlər

Orphus sistemi