Niderlandın "Ayaks" klubunun futbolçusu Serjinyo Dest karyerasını İspaniya "Barselona"sında davam etdirəcək.
"Report"un məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman BBC-yə açıqlamasında bildirib.
57 yaşlı mütəxəssis deyib ki, tibbi müayinədən keçdikdən sonra ABŞ-dan olan müdafiəçi ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Serjinyo Dest bu komandanın heyətində ümumilikdə 38 oyun keçirib. 2 qol vurub. 6 məhsuldar ötürmə edən 20 yaşlı futbolçu ABŞ millisinin də üzvüdür. "Transfermarkt" portalında onun qiyməti 18 milyon avro göstərilib.