"Asan oyun olmadı. Çoxsaylı imkanımız olsa da, yararlana bilmədik".
Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında 5:6 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
29 yaşlı müdafiəçi bildirib ki, matçın keçirildiyi Kiprin Larnaka şəhərində havanın isti olması komandaya çətinlik yaradıb: "Belə havada oynamaq çox ağır idi. İki hissə ərzində yaxşı mübarizə apardıq. Təəssüf ki, penaltilərlə məğlub olduq. Bu, lotereya kimi bir şeydir. Bilmirsən ki, penaltilər seriyasında uğur kimin üzünə güləcək".
Təcrübəli oyunçu bu məğlubiyyəti mümkün qədər tez unutmalı olduqlarını vurğulayıb: "Avropa Liqasının qrup mərhələsinə düşmə şansımız var. Sabah bizi püşkatma gözləyir, növbəti rəqibimiz müəyyənləşəcək. Ümidvaram ki, pley-off mərhələsində bundan da yaxşı çıxış edəcəyik".
Hüseynov penalti zərbəsini dəqiq yerinə yetirə bilməməsi barədə də danışıb: "Baş məşqçimiz penaltiini vurmağı mənə tapşırdı. Mən ştatlı penalti vuran deyiləm, karyeramda ilk dəfə yerinə yetirirdim. Təəssüf ki, vura bilmədim".
Qeyd edək ki, "Qarabağ" 6-cı penaltini Bədavi Hüseynovun dəqiq yerinə yetirə bilməməsi nəticəsində Çempionlar Liqası ilə vidalaşıb.