Futbol üzrə Türkiyə Super Liqasında XXXVIII turun oyunları keçirilir.
"Report"un məlumatına görə, çempionluğa iddialılardan "Beşiktaş" və "Qalatasaray" turu qələbə ilə başa vurublar.
"Qara qartal" səfərdə "Rizespor"u 3:2 hesabı ilə məğlub edib. Matçda hesabı 16-cı dəqiqədə Jorj-Kevin N Kudu açıb. 57-ci dəqiqədə Gökhan Töre fərqi 2 topa çatdırıb. 75-ci dəqiqədə Raşid Gezzal 3-cü topu rəqibin qapısından keçirib. 87-ci dəqiqədə meydan sahibləri İmayıl Köybaşının qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. 89-cu dəqiqədə Damyan Cokoviç fərqi minimuma endirsə də, Qaradəniz təmsilçisinin bundan artığına gücü çatmayıb. Bu qələbədən sonra xallarını 78-ə çatdıran "Beşiktaş" zirvədəki yerini qoruyub. "Rizespor" isə 42 xalla 12-ci sırada qalıb.
"Qalatasaray" isə evdə "Konyaspor"a minimal hesabla qalib gəlib. Yeganə qolu 87-ci dəqiqədə Emre Akbaba vurub. İstanbul təmsilçisi bu qələbə ilə xallarını 72-yə çatdıraraq, 2-ci pilləyə yüksəlib. "Konyaspor" isə 42 xalla 13-cü sırada qərarlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.