Türkiyənin "Beşiktaş" klubu 3 il öncə İngiltərə "Everton"una 22,5 milyon avroya satdığı futbolçusu Cenk Tosunu icarə əsasında geri qaytarıb.
"Report"un məlumatına görə, 30 yaşlı hücumçu mövsümün sonunadək havayı icarəyə götürülüb. Üstəlik, Tosunun 1,5 milyon avro olan yarım illik təminat məbləğinin bir hissəsini "Everton" qarşılayacaq. O, "qara-qartallar"dan mövsümün sonunadək çıxışının əvəzi olaraq, 1 milyon avro alacaq.
Bu keçid Mario Mancukiç və Halkın transferi gerçəkləşmədikdən sonra həyata keçirilib. "Beşiktaş" Rusiya MOİK-inin də ciddi maraqlandığı forvardı geri qaytarmağı bacarıb.
Qeyd edək ki, Cenk Tosun bu gün Bakı vaxtı ilə saat 19:30-da İstanbulda olacaq. O, İngiltərədən gəldiyi üçün "Fənərbağça"nın yeni transferi Mesut Özil kimi bir həftə karantində qalacaq. Cenkin ikinci koronavirus testi neqativ çıxdıqdan sonra komandaya qoşulacaq.