Braziliya millisinin sabiq futbolçusu Luis Fabiano karyerasını başa vurub.
"Report"un məlumatına görə, 41 yaşlı hücumçu bu barədə instagram hesabından paylaşım edib.
Forvard səhhətindəki problem ucbatından bu addımı atdığını yazıb: "Son 4 il ərzində ən sevdiyim işi davam etdirmək üçün çox əziyyət çəkdim. Uzunmüddətli müalicə, məşq, iki əməliyyat... Amma hələ də bu döyüşdə qalib gəlməmişəm".
Qeyd edək ki, Luis Fabiano son olaraq ölkəsində "Vasko da Qama"nın formasını geyinib. O, 2005 - 2011-ci illərdə İspaniyanın "Sevilya" klubundakı çıxışı ilə məşhurlaşıb. Fabiano bu komanda ilə iki dəfə (2005/2006, 2006/2007) UEFA Kubokunu (hazırkı Avropa Liqası) qazanıb.