"Lori" klubu Premyer Liqadan çıxmaq istəyi ilə Ermənistan Futbol Federasiyasına müraciət edib.
“Report” Vanadzor təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı federasiyaya ərizə təqdim olunub.
“Ermənistan Futbol Federasiyasının Apellyasiya Komitəsinin araşdırması və qəbul edilən qərar ədalətsizdir. Bu, bizə başqa çıxış yolu qoymadığından, nə qədər acı və ağrılı olsa da, belə qərar qəbul etdik", - açıqlamada vurğulanıb.
Bildirilib ki, bundan sonra “Lori” Vanadzor şəhərində futbol akademiyasının inkişafına və öz kadrlarının hazırlanmasına daha çox diqqət ayıracaq.
Qeyd edək ki, 2020-ci ilin avqustunda klub rəhbərliyi Apellyasiya Komitəsinə "Urartu" ilə oyunda "Lori"yə texniki məğlubiyyətin yazılmasından şikayət etmiş, qərarın dəyişdirilməsini istəmişdi. Həmin vaxt komanda pandemiya ilə əlaqədar qarşılaşmaya çıxmamışdı. Amma federasiya “Lori”nin etirazını qəbul etməmişdi.