"Çətin qrupa düşmüşük. İlk pilləni Portuqaliya tutacaq. İkinci yer uğrunda isə Serbiya və İrlandiya yığmaları mübarizə aparacaqlar".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşanın "sport.tvp.pl" saytına müsahibəsində deyib.
DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirən italiyalı mütəxəssis başçılıq etdiyi yığmanın favorit olmadığını bildirib: "Əlimizdən gələni edəcəyik. Amma 5-ci səbətdən gəldiyimizi bilirik və favorit deyilik. Daha yaxşı oynamaq və potensialımızı tam açmaq üçün bacardığımız hər şeyi edəcəyik".
64 yaşlı baş məşqçi İkinci Qarabağ müharibəsi dövründəki vəziyyətin millidəki işinə təsirsiz ötüşmədiyini söyləyib: "Münaqişə vaxtı ev oyunlarımızı Bakıda keçirmədik. Bu, bizim üçün böyük problem oldu. Pandemiya isə vəziyyəti daha da gərginləşdirir. Oyunçu problemin varsa, pandemiya dövründə yeni işə başlamaq asan deyil".
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.