"Nəticəyə baxmayaraq yaxşı oyun göstərdik. Birinci hissədə erkən qol buraxdıq. Bu, bizə təsir etdi. İlk yarıda 0:2 hesabı ilə geridə olsaq da, rəqibdən yaxşı oynadıq".
"Report"un məlumatına görə, bunları Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İrlandiyaya Bakıda 0:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "CBC Sport"a açıqlamasında deyib.
İtaliyalı mütəxəssis FIFA reytinqində 55-ci pillədə yer alan komandaya qarşı oynadıqlarını xatırladıb: "Biz 117-ci sıradayıq. Amma oyun baxımından çox böyük fərq görünmürdü. Fərq sadəcə qollarda idi".
65 yaşlı baş məşqçi bütün futbolçuların klublardakı çıxışlarını izlədiyini sözlərinə əlavə edib: "Onların oyunlarını izlədikdən sonra çağırmışdıq. Oyunçular klublarında daha çox hazırlıq keçirlər. Biz 28 məşqi 3-4 təlim-məşq toplanışında etmişik".
De Byazi 3 gün sonra Serbiyaya qarşı görüşdə ürəklərini ortaya qoymağa çalışacaqlarını vurğulayıb: "Rəqibə hörmətlə yanaşmaq lazımdır. Biz də orada uğurlu mübarizə aparmağa çalışacağıq".
Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.