UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
"Report"un məlumatına görə, bu raundun ilk duelində Fransa PSJ-si ilə Almaniyanın "Leyptsiq" komandası üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən Tomas Tuhelin başçılıq etdiyi kollektiv finala yüksəlib.
Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Da Luj" stadionunda keçirilmiş görüşdə hesabı 13-cü dəqiqədə Markos Korrea açıb. İlk hissənin sonlarında fransızlar növbəti dəfə rəqibi cəzalandırıblar. 42-ci dəqiqədə Anxel di Mariya fərqi 2 topa çatdırıb - 2:0. İlk yarı bu hesabla başa çatıb.
İkinci hissədə PSJ daha bir qol vurub. Xuan Bernat 52-ci dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.