"Yaxşı nəticə əldə etdik, qələbə hər kəs üçün vacib idi".
"Report" "Madeinfoot.ouest-france" nəşrinə istinadən xəbər verir ki, bunu Fransa "Marsel"inin futbolçusu Cengiz Ünder Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
25 yaşlı vinger Bakıya səyahətin uzun olduğunu bildirib: "Ümumilikdə təyyarədə 10 saat vaxt keçirdik. Amma fiziki cəhətdən yaxşı formadayıq. 1/8 final mərhələsindəki rəqibimiz - İsveçrə "Bazel"i yaxşı komandadır. Lakin bu matçlaradək liqada daha çox qələbə qazanmalı və özümüzə inanmalıyıq. Hədəfimiz Konfrans Liqasında mümkün qədər irəli getməkdir".
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk matçları martın 10-da, cavab qarşılaşmaları isə martın 17-də oynanılacaq.