I Divizionun XVI turunun "Qaradağ Lökbatan"la oyununda baş hakim Fərid Hacıyevi təhqir etdiyi üçün meydandan qovulan Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ramil Şeydayevin cəzası digər turnirlərə şamil olunmur.
Bu barədə "Report"a AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, hər hansı ciddi iğtişaş və ya digər problem baş verməyibsə, cəza müvafiq yarışa aid edilir: "Yalnız fors-major hallarda AFFA İntizam Komitəsi bütün turnirlərdən diskvalifikasiya qərarı çıxara bilər. Daha əvvəl də bu cür hallar baş verib. İndiki vəziyyətdə futbolçunun Premyer Liqa və ya digər yarışda meydana çıxmasında problem yoxdur".
Hüseynov Şeydayevin mümkün cəza müddəti barədə danışmaq istəməyib: "Qərardan əvvəl cəza müddətini açıqlamaq səlahiyyətimiz yoxdur".
Qeyd edək ki, Ramil Şeydayev "Qaradağ Lökbatan"a 1:2 hesabı ilə uduzduqları matçın 63-cü dəqiqəsində meydandan qovulub. "Sabah" Premyer Liqanın XIX turunda bu gün "Sumqayıt"la qarşılaşacaq.