Xəbər verdiyimiz kimi, futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin Bakı Olimpiya Stadionunda təşkil olunan növbəti matçında Çexiya və Danimarka komandaları üz-üzə gəlib.
Qarşılaşma Danimarka yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçı izləmək üçün Azərbaycana gəlmiş danimarkalı futbol azarkeşləri oyundan sonra Bakı küçələrində komandanın qələbəsini qeyd ediblər.
“Report”un əməkdaşları skandinaviyalı azarkeşlərlə həmsöbət olaraq, onların Bakı, habelə oyun barədə təəssüratlarını öyrəniblər.
“Bugünkü (dünənki - red.) oyun möhtəşəm keçdi. Komandamızın oyunundan razı qaldıq. Bakını bəyəndik, çox gözəl şəhərdir, sakinləri də mehribandır”, - deyə azarkeşlərdən biri bildirib.
Digər azarkeş matçın təşkilindən məmnunluğunu ifadə edib: “Bakıya ilk dəfədir gəlirəm, gözəl şəhəriniz var. Qısa müddət olsa da, şəhərlə yaxından tanış olmaq imkanı qazandım. Şəhərin insanları da qayğıkeş, mehribandır.
Oyundan razı qaldım. Təşkilatçılıq yüksək səviyyədə idi. Buna görə təşkilatçılara minnətdaram. Hər şeydən razıyam. Gələcəkdə yenə oyunlar olsa, Bakıya yenə gələcəm”.
Azarkeşlər qeyd ediblər ki, Bakı ilə bağlı xoş xatirələri uzun müddət yaddaşlarından silinməyəcək.