Belçika və Fransa DÇ-2022-yə vəsiqə qazanıb, Türkiyə şansını son tura saxlayıb

Belçika və Fransa DÇ-2022-yə vəsiqə qazanıb, Türkiyə şansını son tura saxlayıb 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün IX turun son oyun gününə start verilib.
Futbol
14 Noyabr , 2021 01:38
Belçika və Fransa DÇ-2022-yə vəsiqə qazanıb, Türkiyə şansını son tura saxlayıb

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura gecənin 4 oyunu ilə yekun vurulub. 

"Report"un məlumatına görə, qarşılaşmaların ardından Fransa və Belçika yığmaları Qətərdə keçiriləcək mundiala qrup lideri kimi birbaşa vəsiqəni təmin ediblər. 

D qrupunda yer alan Fransa millisi öz meydanında Qazaxıstanı darmadağın edərək, xalını 15-ə çatdırıb və sona 1 tur qalmış ən yaxın izləyicisi Finlandiyanı 4 xal geridə qoyub. 8 qolun yarısını Kilian Mbappe vurub. 

E qrupunda Belçika yığması evdə Estoniyanı yenib və xallarını 19-a çatdırıb. Paralel matçda Belarusu darmadağın edən Uels xalını 14-ə çatdıraraq, 2-ci yerə yüksəlsə də, liderə əlçatmaz olub.  

G qrupunda isə Niderland millisi səfərdə Monteneqro ilə görüşdə ən yaxşı bombardir Memfis Depayın dublu sayəsində öndə olsa da, son dəqiqələrdə qapısından 2 top buraxıb. Bununla da "narıncılar" qrup lideri kimi qalmalarına rəğmən, mundiala birbaşa vəsiqə qazana bilməyiblər. Bu komanda hazırda Türkiyə və Norveçi 2 xal geridə qoyur. Birbaşa vəsiqənin taleyinə son turda aydınlıq gələcək. Noyabrın 16-da Niderland Norveçi qəbul edəcək, Türkiyə isə Monteneqronun qonağı olacaq. 

DÇ-2022, seçmə mərhələ
IX tur
13 noyabr

D qrupu

18:00. Bosniya və Herseqovina - Finlandiya - 1:3

Qollar: Luka Menalo, 69 - Markus Forss, 29. Robin Lod, 51. Daniel O Şonessi, 73

Qırmızı vərəqə: Yukka Raytala, 37 (Finlandiya)   

23:45. Fransa - Qazaxıstan - 8:0

Qollar: Kilian Mbappe, 6; 12; 32; 87. Kərim Benzema, 55; 59. Adrian Rabyo, 75. Antuan Qrizmann, 84 (pen.) 

Xal durumu: Fransa - 15 (7 oyuna), Finlandiya - 11 (7), Ukrayna - 9 (7), Bosniya və Herseqovina - 7 (7), Qazaxıstan - 3 (8)

E qrupu

23:45. Uels - Belarus - 5:1

Qollar: Aaron Remzi, 3; 50 (pen.). Neko Uilyams, 20. Ben Devis, 77. Konnor Roberts, 89 - Artyom Konstevoy, 87

23:45. Belçika - Estoniya - 3:1

Qollar: Kristian Benteke, 11. Yannik Karrasko, 53. Torqan Azar, 74 - Erik Sorqa, 70

Xal durumu: Belçika - 19 (7 oyuna), Uels - 14 (7), Çexiya - 11 (7), Estoniya - 4 (7), Belarus - 3 (8).

G qrupu

21:00. Norveç - Latviya - 0:0

21:00. Türkiyə - Cəbəllütariq - 6:0

Qollar: Kerem Aktürkoğlu, 11. Halil Dervişoğlu, 38; 41. Merih Demiral, 65. Serdar Dursun, 81. Mert Müldür, 84

Qırmızı vərəqə: Ceys Maskarenyas-Olivero, 22 (Cəbəllütariq)  

23:45. Monteneqro - Niderland - 2:2

Qollar: İliya Vukotiç, 82. Nikola Vuynoviç, 86 - Memfis Depay, 25 (pen.); 54 

Xal durumu: Niderland - 20, Türkiyə - 18, Norveç - 18, Monteneqro - 12, Latviya - 6, Cəbəllütariq - 0.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya və Danimarka da DÇ-2022-yə vəsiqə qazanıb. Cənubi Amerika zonasından Braziliya bu hüquqa yiyələnib. Qətər isə mundiala ev sahibi kimi birbaşa vəsiqə əldə edib.  

22:54

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun daha 2 oyunu keçirilib.

"Report"un məlumatına görə, G qrupunda Türkiyə yığması İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda Cəbəllütariq yığmasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Hesabı 11-ci dəqiqədə Kerem Aktürkoğlu açıb. 22-ci dəqiqədə Cəbəllütariq yığması Ceys Maskarenyas-Oliveronun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. "Ay-ulduzlular" qalan bölümdə say üstünlüyündən layiqincə yararlanıblar. Halil Dervişoğlu 38 və 41-ci dəqiqələrdə fərqlənərək, "dubl" edib. İkinci hissədə meydan sahibləri daha 3 qol vurub. Merih Demiral 65-ci, Serdar Dursun 81-ci, Mert Müldür 84-cü dəqiqədə fərqlənməyi bacarıb. 

Qrupun digər qarşılaşmasında Norveç yığması evdə Latviyanın müqavimətini qıra bilməyib. 

Bununla da Türkiyə millisi xallarını 18-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Eyni xala malik Norveç top fərqində "ay-ulduzlular"dan geri düşdüyü üçün 3-cü pilləyə enib. 

Bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq görüşdə Niderland səfərdə Monteneqroya qalib gəlsə, qrup birincisi kimi dünya çempionatına vəsiqə qazanacaq. Bu halda, Türkiyə "pley-off" üçün mübarizə aparacaq. "Narıncılar" xal itirəcəyi təqdirdə isə qrupda ilk pillənin taleyi son tura qalacaq. 

19:59

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün IX turun son oyun gününə start verilib.

"Report"un məlumatına görə, günün ilk qarşılaşmasında Bosniya və Herseqovina yığması Finlandiyanı qəbul edib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:1. Skandinaviyalılar 37-ci dəqiqədə Yukka Raytalanın qırmızı vərəqə almasına baxmayaraq, azlıqda qalib gəlməyi bacarıblar.

İlk 2 qolu Finlandiya millisindən Markus Forss 29-cu, Robin Lod 51-ci dəqiqədə vurub. 69-cu dəqiqədə Luka Menalo fərqi azaltsa da, 73-cü dəqiqədə 17 yaşlı Daniel O Şonessi yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə sayəsində xalını 11-ə çatdıran Finlandiya D qrupunda 2-ci pilləyə yüksəlib. 7 xala malik Bosniya və Herseqovina isə 4-cü pillədə qalıb və pley-off şanslarını itirib.

Son xəbərlər

Orphus sistemi