UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin III turundan sonra statistik göstəriciləri açıqlayıb.
"Report"un məlumatına görə, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ilk oyunlardan sonra ən çox qurtarış edən iki qapıçıdan biridir.
27 yaşlı qolkiper yığmanın Portuqaliyaya 0:1 hesabı ilə uduzduğu ilk matçda 14, Serbiyaya 1:2 hesabı ilə məğlub olduqları görüşdə 5 "seyv"lə yadda qalıb. San Marinodan Elia Benedettini də 19 qurtarış edib. Lakin o, Məhəmmədəliyevdən fərqli olaraq, bunu 3 görüşdə bacarıb. Cəbəllütariqin çərçivə qoruyucusu Deyl Kilinq isə 18 "seyv"lə üçüncü pillədə qərarlaşıb.
Üç turdan sonra bombardirlik yarışına Serbiya yığmasından Aleksandar Mitroviç başçılıq edir - 4 qol. Onun komanda yoldaşı Duşan Tadiç 4 məhsuldar ötürmə ilə liderdir.
İspaniya millisindən Erik Qarsiya 3 matçda 327 dəqiq ötürmə ilə yadda qalıb.
Danimarka seçməsi (14 qol) 3 oyundan sonra ən çox fərqlənən komandadır.
Qapılar qarşısında ən çox təhlükəli vəziyyəti Niderland yığması yaradıb. "Narıncılar" bunu 91 dəfə bacarıb.