Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 7-ci matçında Serbiya yığmasının qonağı olub. Belqraddakı "Rayko Mitiç" stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyuna fəal başlayan serbiyalılar artıq 11-ci dəqiqədə hesabı açmağa yaxın olublar. Lakin Duşan Vlahoviçin zərbəsində azacıq dəqiqlik çatmayıb. 3 dəqiqə sonra Höccət Haqverdi sol cinahdan ötürülən topu uzaqlaşdırmaq istəyərkən az qala avtoqol müəllifi olacaqdı. Lakin müdafiəçinin "fərqlənməsinə" qapı dirəyi mane olub.
Az sonra Darko Lazoviçin yaxın məsafədən vurduğu topu Şahruddin Məhəmmədəliyev qaytarıb. Hücumun davamında isə Sergey Milinkoviç-Saviçin zərbəsi qeyri-dəqiq alınıb.
Azərbaycan millisinin oyundakı ilk təhlükəli hücumu 20-ci dəqiqəyə təsadüf edib. Emin Mahmudovun sağ cinahdan cərimə meydançasına ötürməsini qəbul edən Filip Ozobiç yaxın küncü nişan alsa da, top qapıdan keçməyib. 26-cı dəqiqədə Qara Qarayev Azər Salahlını Predraq Raykoviçlə üz-üzə qoyub. Lakin sonuncu fürsəti əldən verib.
Matçda hesab yarım saatın tamamında açılıb. Haqverdinin Vlahoviçə qarşı kobudluğundan sonra təyin olunan penaltini zərərçəkmişin özü dəqiq yerinə yetirib. Sarı vərəqə alan müdafiəçi isə cəzalı duruma düşüb. O, gələn ay Bakıda Lüksemburqa qarşı seçmə mərhələdəki son matçı buraxacaq.
10 dəqiqə sonra Serbiya yığması 2-ci topu vursa da, Milenkoviç-Saviçin dəqiq zərbəsi ofsayd səbəbindən qeydə alınmayıb.
İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə hesab bərabərləşib. Rəqib qapıçının kobud səhvindən sonra Mahmudov tarazlığı bərpa edib. Bu, onun cari seçmə mərhələdəki 4-cü qolu olub. Beləliklə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
İkinci hissədə də hücumlarını davam etdirən serbiyalılar yenidən hesabda önə keçiblər. 53-cü dəqiqədə Vlahoviç dubl edərək, seçmə mərhələdəki 4-cü qolunu vurub.
54-cü dəqiqədə Araz Abdullayevin zərbəsi zamanı top qapının üstündən keçib. Ardınca Luka Yoviç əlverişli fürsəti boşa verib. 63-cü dəqiqədə Vlahoviçin akrobatik zərbə ilə het-trik etmək cəhdi baş tutmayıb. Ardınca isə Məhəmmədəliyev ikinci hissədə meydana daxil olan Aleksandar Mitorviçin fərqlənməsinə imkan verməyib.
Matçda son nöqtəni Duşan Tadiç qoyub. Serbiya yığmasının kapitanı Maksim Medvedevin əllə oyunundan sonra təyin olunmuş növbəti penaltidən fərqlənməklə komandasının qələbəsini rəsmiləşdirib.
A qrupunun digər oyununda isə Portuqaliya evdə Lüksemburqu darmadağın edib - 5:0.
Bu nəticələrdən sonra xallarını 17-yə çatdıran Serbiya seçməsi liderliyini qoruyub. Draqan Stoykoviçin başçılıq etdiyi kollektiv Portuqaliyadan 1 oyun çox keçirib. 1 xalı olan Azərbaycan millisinin isə sonuncu sırada qalacağı dəqiqləşib.
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab yenidən dəyişib.
"Report"un məlumatına görə, 83-cü dəqiqədə meydan sahiblərinin kapitanı Duşan Tadiç penaltidən 3-cü qolu qonaqların qapısından keçirib.
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda 3-cü qol vurulub.
"Report"un məlumatına görə, 53-cü dəqiqədə dubl edən Duşan Vlahoviç komandasını hesabda önə keçirib.
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, ilk yarıdan sonra hesab bərabərdir - 1:1.
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib.
"Report"un məlumatına görə, ilk hissəsnin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov tarazlığı bərap edib.
Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab açılıb.
"Report"un məluamtına görə, 30-cu dəqiqədə meydan sahiblərinin heyətində Duşan Vlahoviç penaltidən fərqlənib.
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb.
"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 22:45-də start götürən matçı Belçikadan olan FIFA referisi Erik Lambrexts idarə edir.
Qeyd edək ki, bu komandalar arasında Bakıdakı görüşdə Canni De Byazinin başçılıq etdiyi kollektiv 1:2 hesabı ilə uduzub.