"Çox çətin oyun gözləyirdik. Amma görüş daha ağır alındı".
"Report"un məlumatına görə, bu fikirləri Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç Bakıda Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis Azərbaycan millisi yaxşı komanda olduğunu bildirib: "Sürətli əks-hücumlara çıxmağı bacarır. Hesab bərabərləşdikdən sonra bizə daha çətin oldu. Qələbə qazandığımız üçün məmnunuq. Önəmli olan da budur".
Stoykoviçin sözlərinə görə, bu gün qol buraxmaq planda yox idi: "Amma ani diqqətsizlikdən qapımızda qol gördük. Buna görə təəssüflənirəm. Həmin epizoddan sonra çox əsəbiləşdim. Sevinirəım ki, vəziyyəti düzəldə bildik".
Baş məşqçi bu gün 2 qol vuran Aleksandar Mitroviçin şəxsi təyyarəyə layiq olduğunu söyləyib: "Amma bunun üçün pulumuz yoxdur. O, yalnız bu gün yox, hər matçda yaxşı hücumçu olduğunu sübut edib. 3 oyuna 5 qol az deyil".
Bakını çox sevdiyini deyən mütəxəssis buraya ailəsi ilə gələcəyini vurğulayıb: "Növbəti dəfə Bakıya turist kimi gələcəyəm. Azərbaycan mənim üçün maraqlı yerdir. Bakını gəzdim, çox xoşuma gəldi. Sonuncu dəfə 2003-cü ildə burada olmuşam. Şəhər çox dəyişib. Əvvəlkindən əsər-əlamət yoxdur".