"Qrupdakı bütün oyunlara hazır olmalıyıq. Məni rəqibin adı yox, yalnız öz komandam narahat edir. Digər məsələlər və xüsusilə hər hansı hesablama ilə məşğul olmuram".
"Report"un məlumatına görə, bu fikirləri Serbiya millisinin baş məşqçisi Drqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində İrlandiya, Portuqaliya və Azərbaycan yığmaları ilə keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.
56 yaşlı mütəxəssis bildirib ki, əsas hədəf martdakı 3 görüşdə maksimum nəticə qazanmaqdır: "3, 6 və ya 7 xal barədə düşünmürəm. Mən 9 xal istəyirəm. Neçə oyunda qalib gələcəyik? Bilmirəm. Bilsəydim, matçlara pul qoyuluşu edib, zəngin olardım. Hədəf 9 xaldır. Bizi yalnız qələbələr maraqlandırır. Nəticə işimizin aynası olacaq".
Təcrübəli baş məşqçi Azərbaycan və Lüksemburq yığmaları ilə matçlara da toxunub: "Yenə deyirəm, məni statistika maraqlandırmır. Çünki heç kim nəyəsə zəmanət verə bilməz. Kim deyir ki, Lüksemburq və Azərbaycanla matçlar asan olacaq? Əksinə, qrupda ən çətin matçlarımızı bu iki kollektivə qarşı keçirəcəyik".
Qeyd edək ki, martın 24-də evdə İrlandiya, 3 gün sonra isə Portuqaliya ilə qarşılaşacaq Serbiya yığması martın 30-da Azərbaycan yığmasının qonağı olacaq.