Azərbaycanın 3 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, bu hüquqa Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq) və Şamil Zubairov (97 kq) yiyələnib.
Qvarzatilov Arman Eloyanı (Fransa) və Georgi Vangelovu (Bolqarıstan) məğlub edib . O, yarımfinalda tacikistanlı Muhamad İkromovla üz-üzə gələcək.
3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev Hacımurad Rəşidov (Rusiya) və Ernazar Akmataliyevdən (Qırğızıstan) üstün olub. Təcribəli idmançı finala gedən yolda Macarıstan təmsilçisi İsmayıl Musukayevin müqavimətini qırmağa çalışacaq.
Yarışa 1/4 finaldan start verən Şamil Zubairov moldovalı Samhan Cəbrayılova qalib gəlib və yarımfinalda Aleksandr Xuştinə (Balarus) rəqib olub.
Rəşad Yusifli (79 kq) təsnifat mərhələsində, Abubakr Abakarov (86 kq) isə 1/8 finalda uduzub. Onlar rəqibləri finala yüksələcəkləri təqdirdə, təsəlliverici görüşə qatılacaqlar.
Qeyd edək ki, bu çəkilər üzrə yarımfinal qarşılaşmaları axşam seansında, finallar isə sabah gerçəkləşəcək.