"İki həftə əvvəl Mahir Emreli ilə danışdım".
"Report" xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Milli assosiasiya rəsmisi 25 yaşlı hücumçunun hər şeyi detallı izah etdiyini bildirib: "Təklif etdim ki, biz də dəstək olarıq. Hazırda onun yanında hüquq məsləhətçiləri işləyir. Biz də köməklik göstərməyə hazırıq. Digər tərəfdən, milli komanda üzvüdür. Onun yanındayıq. Ötən gün də bir daha əlaqə saxladıq. Köməyimizi təklif etdik. İlk növbədə, klubu ilə problemini həll etməlidir. Oyun praktikasını itirməsini istəmirik. İstərdik ki, formada olsun".
Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya" oyundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və qış təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas Anıl Dinçerlə əlaqəyə keçən hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Lukinyas isə hazırlıq prosesinə qatılıb və ona kapitan sarğısı verilib.