"Bütün futbolçularımı təbrik edirəm. Hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi. Xarakter göstərə bilən oyunçulara malik olduğum üçün sevinirəm. Üç gündən bir oyunlarda bu çox önəmlidir".
"Report"un məlumatına görə, bunları Qətər yığmasının baş məşqçisi Feliks Sançes Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib.
İspaniyalı mütəxəssis çox çətin oyunda geridönüş etməyi bacardıqlarını bildirib: "Bütün oyun boyu dominantlıq eləmək olmaz. Matça pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu, görüşün bir parçasıdır. 25-ci dəqiqədən sonra istədiyimiz kimi oynamağa, qol vəziyyətləri yaratmağa başladıq. Qol vurmağa layiq idik və ikinci hissədə də yaxşı oynaraq istəyimizə nail olduq".
Qeyd edək ki, görüş Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçirilib.