"AFFA-nın yeni mövsüm üçün "Turan Tovuz"a 500 min manat ayıracağından xəbərdaram. Bu o demək deyil ki, klub yalnız milli assosiasiyaya ümid olmalıdır".
Bunu "Report"a açıqlamasında Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyev deyib.
FİF rəsmisi Tovuz təmsilçisi üçün lazım olan məbləği toplamağa çalışacaqlarını bildirib: "AFFA İcraiyyə Komitəsinin fevralın 2-dəki iclasında qeyd etmişdik ki, klubun Premyer Liqada normal iştirakı üçün 2 milyon manata ehtiyac var. Bu səbəbdən 500 min manat bununla müqayisədə azdır. Amma bu, yerli ictimaiyyətin klubun ətrafında birləşməsi üçün yaxşı imkandır. Çünki "Turan Tovuz" neçə illərdir Premyer Liqada yoxdur. Yerli əhali və azarkeşlər bunu çox istəyirdi. Hələlik yeni mövsümədək vaxtımız var. İnanıram ki, biz hamımız - "Turan Tovuz" klubu və FİF bu maliyyəni toplaya biləcəyik".
Piriyev "Turan Tovuz"a maliyyə yardımı etmək üçü gördükləri işlərdən də söz açıb: "Fəaliyyətə başlamağımızdan çox vaxt keçməyib. Təxminən 3 aydır ki, işləyirik. Bu müddətdə daha çox nizamnamə ilə bağlı işlər, strategiya, strukturun tamanlanması və digər məsələlərlə məşğul olmuşuq. Biz hazırda kluba individual sponsor tapılması üçün görüşlər keçiririk, şirkətlərə təkliflər göndəririk. Bundan əlavə, əslən Tovuzdan olan sahibkarlarla da görüşmüşük, onlara da təkliflər vermişik. Klub rəhbərliyi ilə toplantımız olub və onlarla planlarımızı bölüşmüşük. Bildirmişik ki, müəyyən köməklik etməyə çalışacağıq. İanə portalımız təxminən 2 aya hazır olacaq. Həmin vaxt insanlar fərdi olaraq ianə edə biləcəklər. Bu müddətədək sponsorun tapılmasına və sahibkarların cəlb edilməsi üçün səy göstərəcəyik. Həmin məbləği toplamağa çalışacağıq ki, klub lazım olan qaydada Premyer Liqada iştirak edə bilsin".
Qeyd edək ki, AFFA-nın baş katibi Sərxan Hacıyev "Report"a müsahibəsində "Kəpəz" və "Turan Tovuz"un Azərbaycan Premyer Liqası üçün əsas namizəd olduğunu bildirib.