"Yeni mövsümün başlanması münasibətilə futbol ictimaiyyətini təbrik edirəm. Artıq ilk turdaca maraqlı oyunların və nəticələrin şahidi olduq".
"Report"un məlumatına görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün startı ilə bağlı danışarkən deyib.
Avstriyalı funksioner bildirib ki, komitə olaraq, ən böyük arzuları bütün qarşılaşmaların ədalətli oyun ruhunda keçməsi, qəbul olunan qərarların düzgün olmasıdır: "VAR sisteminin tətbiq olunması ilə bağlı işlərimiz davam edir və mümkün qədər qısa zamanda sistemin tətbiqinə çalışacağıq. Məsələn, dünən keçirilən “Zirə” – “Qarabağ” oyunundakı ofsayd epizodunda VAR sistemi düzgün qərarın qəbul olunmasında hakimlərə kömək edə bilərdi".
Onun sözlərinə görə, qısa müddət ərzində Hakimlər Komitəsinin fəaliyyəti, hakimlərin qərarları, peşəkar hakim statusunun tətbiqi ilə bağlı yeni xəbərlər barədə daha şəffaf, daha geniş şəkildə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.