Futbol üzrə Amerika Kubokunun qrup mərhələsi çərçivəsində Braziliya yığması ilə Kolumbiya seçməsi qarşılaşıb.
“Report” xəbər verir ki, Rio-de-Janeyronun “Olimpiko Nilton Santos-Enjenyan” stadionunda keçirilən matç braziliyalıların 2:1 hesablı minimal qələbəsi ilə bitib.
Qarşılaşmanı 10-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Luis Dias açıb. Braziliyalıların cavab qolunu 78-ci dəqiqədə Roberto Firmino vurub. Meydan sahibləri əsas vaxta əlavə olunmuş 10-cu dəqiqədə Kazemironun qolu ilə qələbə qazanıblar.
Bu matçdan sonra Braziliya yığması B qrupunda doqquz xalla birinci yeri tutur. Siyahıda ikinci yerdə 4 xalı olan Kolumbiya və Peru yığmaları qərarlaşıblər.
Braziliya yığması növbəti matçını Ekvadora qarşı keçirəcək.