"Raket gecə saat 2-də atıldı və düz bizim binanın qarşısına düşdü. Həmin vaxt yuxuda idim. Gözümü açanda yalnız onu gördüm ki, üstümə daş-kəsək tökülür. Bir də üzümə su düşdü, elə bildim yağış yağır. Sən demə, su çənləri partlayıbmış".
Bu fikirləri "Report"a açıqlamasında "Kəpəz" klubunun sabiq futbolçusu Emin Mustafayev deyib.
Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində dağıntılar altında qalan veteran oyunçu dəhşətli anları xatırlayıb: "Həmin vaxt divara sıxıldığımdan, tərpənə bilmədim. Ailə üzvlərim digər otaqda yatmışdı. Səsə oyanıb mən yatdığım otağa qaçdılar. İşıqlar söndüyü üçün hər yer qaranlıq idi. Səsimi eşitdikdən sonra sağ olduğumu bildilər və dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırdılar. Onlar da cəld şəkildə məni küçəyə çıxardılar".
Həmin gün ağrı hiss etmədiyini söyləyən Mustafayev kiçik xəsarətlər aldığını söyləyib: "Ayağıma, kürəyimə mişar daşı düşmüşdü. Hadisədən 2-3 gün sonra həmin nahiyələrimdə ağrılar hiss etdim. Yəqin ki, tezliklə keçib-gedəcək. Qolum, ayağım qırıla bilərdi. Sevindiricidir ki, başıma ağır daşlar düşmədi. Buna görə də ciddi xəsarət olmadı. Biz 2-ci blokda qalırıq. Bizdən sonrakı 3-cü blokda hamı dünyasını dəyişdi. Allah ölənlərə rəhmət eləsin".
Veteran futbolçunun sözlərinə görə, özü dağıntılar altında qalsa da, ailə üzvlərinə heç nə olmayıb: "Mən episentrə yaxın idim. Əslində hər gecə 3-ə, 4-ə kimi televizora baxıram. Həmin gecə də Ukrayna - İspaniya oyunu var idi. Matç bitən kimi gedib yatdım. Bəlkə də yatmasaydım, çoxdan ölmüşdüm. Çünki televizor olan otaqda hər şey darmadağın olub. Bəlkə heç meyitimi də tapa bilməzdilər. Ailə üzvlərim isə arxa otaqda yatmışdılar. Onların ayaqlarında xırda daşların yerləri qalıb. Amma ümumilikdə yaxşıdırlar".
Hadisə vaxtı ölümü gözünün qarşısına gətirdiyini deyən Mustafayev keçirdiyi hissləri bölüşüb: "Ağlıma ilk olaraq o gəldi ki, daş üstümü örtməsin, nəfəs ala bilim. Fikirləşdim ki, artıq sondur. Amma sonra gördüm ki, nəfəs ala bilirəm. Hardasa 2 barmaq ölçüsündə hava yeri qalmışdı. Bundan sonra ailə üzvlərimi düşündüm, fikrim onların yanında qalmışdı. Səslərini eşitdikdən sonra tam rahat oldum".
Ermənilərin hərəkətini pisləyən Mustafayev bunu insanlığa qarşı cinayət adlandırıb: "Erməniləri qovmaq yox, məhv etmək lazımdır. Gəncə ölkənin ikinci böyük şəhəridir. Döyüş bölgəsi deyil ki, bura raket atasan. Bizdən 50-60 metr yuxarıda 9 mərtəbəli bina var. Mərmi ora düşsəydi, necə olacaqdı? Onların cavabı cəbhədə layiqincə verilir. Bu cür şeylər biz gəncəliləri qorxuda bilməz. İnsanlarda əvvəlki kimi ruh yüksəkliyi var. Camaat öz yerindədir".
Qeyd edək ki, 1992-ci ildə "Kəpəz"də çıxış etmiş Emin Mustafayev həmçinin Yevlaxın "Avtomobilçi", Bərdənin "Pambıqçı" və Şəmkirin eyniadlı klublarında oynayıb. Özünü futzalda da sınamış veteran 2000-ci ildə "Turan Eyr" komandasının formasını geyinib.