I Divizion klublarından heç biri Premyer Liqaya hazır deyil

I Divizion klublarından heç biri Premyer Liqaya hazır deyil "Klublar maliyyə meyarına cavab vermir"
Futbol
7 May , 2021 13:00
I Divizion klublarından heç biri Premyer Liqaya hazır deyil

Mayın 8-də AFFA Lisenziyalaşdırma Komissiyasının iclası olacaq.

"Report"un məlumatına görə, iclasda avrokuboklarla Azərbaycan Premyer Liqasında növbəti 20212022 mövsümündə iştirak edəcək komandaların adlarına aydınlıq gələcək.

I Divizion təmsilçilərindən "Zaqatala", "Kəpəz", "Turan Tovuz" və "Qaradağ Lökbatan" lisenziya üçün müraciət edib.

Oqtay Abdullayev: "Hiss edirəm ki, qərar bizim xeyrimizə olacaq"

"Turan Tovuz" klubunun Müşahidə Şurasının sədri Oktay Abdullayev "Report"a açıqlamasında bütün sənədləri Lisenziyalaşdırma Qrupuna təqdim etdiklərini bildirib: "Yeganə çatışmazlığımız maliyyə dəstəyidir. O da elə şeydir ki, gərək sponsor olsun, AFFA və ya iş adamları dəstək göstərsinlər. Bu gün "Turan Tovuz"un Premyer Liqaya düşməməsi Azərbaycan futbolu üçün böyük zərbədir. Hamıya bəllidir ki, Tovuzda nə qədər futbolçu yetişib. Əsas dəstənin bir neçə komandasında Tovuz futbolunun yetirmələri oynayır. Fikrimcə, "Turan Tovuz" Premyer Liqaya çıxmalıdır. Bunun üçün şansı da var. Maliyyə meyarında dəstək göstərən olsa, biz əsas çempionatda oynayacağıq".

Oqtay Abdullayev
Oqtay Abdullayev

Abdullayev Tovuz futbolu adına yaxşı qərarın veriləcəyinə ümid etdiyini söyləyib: "Mən qərar verənlərin fikrini deyə bilmərəm. Hiss edirəm ki, qərar bizim xeyrimizə olacaq. Komandamızın Premyer Liqada oynama şansı böyükdür. AFFA kimi biz də istəyirik ki, çempionatda 10 komanda mübarizə aparsın. İnanıram ki, iş adamları da bizə dəstək olacaqlar".

Sədr Tovuz şəhər stadionunun yenidən qurulduğunu və "Turan Tovuz" Futbol Akademiyasının istifadəyə verildiyini xatırladıb: "Orada gözəl baza da tikilib və əsaslı təmir işləri aparılıb. "Turan Tovuz" Futbol Akademiyası da açılıb. Lisenziya üçün meyarlardan biri də odur ki, klubun bütün şəraiti var".

Abdullayevin sözlərinə görə, Premyer Liqaya vəsiqə əldə olunduqdan sonra klubdakı dəyişikliklərlə bağlı danışmaq olar: "Klubumuzun hədəfi yalnız Premyer Liqada iştirak deyil. Biz orada sözümüzü demək istəyirik. Azərbaycanı avrokuboklarda da məhz ilk dəfə Tovuz təmsilçisi təmsil edib".

İlqar Nadiri: "Sponsorluq etmək istəyəndən hələ cavab yoxdur"

"Kəpəz" klubunun icraçı direktoru İlqar Nadiri də maliyyə meyarının əsas olduğunu vurğulayıb: "Orada bir neçə meyar var və biz bütün sənədləri təqdim etmişik. Yeganə maliyyə meyarı qalıb".

İlqar Nadirli
İlqar Nadirli

Nadiri "Kəpəz"ə lisenziyanın verilməsi nə dərəcədə realdır" sualına belə cavab verib: "Bunu tam cavablandıra bilməyəcəyəm. Mayın 8-də hamımız yekun qərarı biləcəyik. Burada sponsor olmalıdır və maliyyə meyarının tələblərinə cavab verməliyik. Bu əngəl aradan götürülsə, heç bir problemimiz qalmayacaq. Qış fasiləsində "Kəpəz"in sabiq futbolçusu və baş məşqçisi Mehman Allahverdiyevin təklif etdiyi sponsorla danışığımız olmuşdu. Onun dəstək olacağını gözləyirdik. Amma hələ müsbət cavab yoxdur. İstəyirik ki, hansısa sponsor komandaya sahib çıxsın".

İcraçı direktor Gəncə şəhər İcra Hakimiyyətinin yaxın müddətdə kluba sponsor kimi dəstək olacağına inanmadığını sözlərinə əlavə edib: "Amma onlar digər məsələlərin hər birində komandaya dəstək olublar".

Musa Qurbanov: "Böyük şirkətlərin fikrincə, futbolumuzda qazanc yoxdur"

"Zaqatala"nın prezidenti Musa Qurbanov da klubun maliyyə məsələndə bəzi çətinliklərinin olduğunu bildirib: "Mümkün olan bütün sənədləri Lisenziyalaşdırma Qrupuna vermişik. Amma orada çatışmayan şeylər var ki, bu da maliyyə ilə bağlıdır. Problemlərimiz yalnız bu yöndədir. I Divizion təmsilçlərinin heç birinin öz maliyyə və sponsoru yoxdur. Kimisə yüksəl liqaya çıxarsalar, yəqin ki, AFFA maliyyələşdirəcək, bu qurumun imkanlarına uyğun hərəkət ediləcək. Bilmirəm, Premyer Liqada komanda sayı artırılacaq, ya yox. Kimə üstünlük veriləcəyini də assosiasiya bilir".

Musa Qurbanov
Musa Qurbanov

Qurbanov idman prinsiplərinə görə I Divizionda digərlərindən öndə olduqlarını vurğulayıb: "Çempionluğu qazanan "Neftçi-2" I Divizionda növbədənkənar çıxış etdiyindən, Premyer Liqaya biz çıxmalıyıq. Çünki hazırda ikinci pillədəyik. Premyer Liqada 10 klub olacağına qərar veriləcəksə, bütün prinsiplərə uyğun olaraq, biz yüksək dəstədə çıxış etməliyik. İnanıram ki, AFFA da belə addım atacaq. Biz turnir cədvəlindəki mövqeyimizlə iki komandadan biri olmağı təmin etmişik".

Klub prezidenti mövsüm ərzində bəzi sponsorlarla danışıqlar apardıqlarını diqqətə çatdırıb: "Tanıdığımız imkanlı şəxslərə müraciət etmişik və mənfi cavab almışıq. Kimlərinsə adlarını açıqlamaq istəmirəm, amma müraciət etmişik. Elə olub ki, böyük ölçüdə yox, sadəcə, kömək istəyəndə görürsən ki, rədd cavabı gəlir. İstədiyimiz cavabı ala bilmirik. Böyük şirkətlər həmişə qazanc haqqında düşünürlər. Onların fikrincə, bizim futbolda qazanc yoxdur. Onların fikri belədir ki, güya havayı pul xərcləyirlər. Amma bizim kimi bir çox ölkədə futbola yatırım edirlər. Bir neçə ölkədə isə futbola dövlət strukturları baxır. Bizdə də bu yöndə olmasa, işimiz çox çətin olacaq".

Bəbir Həsənov: "Maliyyə və hüquqi meyarda problemimiz var"

"Qaradağ Lökbatan" klubunun icraçı direktoru Bəbir Həsənov da bölgə təmsilçiləri kimi Premyer Liqada oynamaq istədiklərini deyib: "Əslində maliyyə durumumuz buna yol vermir. Amma maliyyə yerində olsa, biz də iştirak etmək istərdik".

Bəbir Həsənov
Bəbir Həsənov

Həsənov mövsüm ərzində sponsorluq üçün hansısa şirkətlə danışıqlarının olmadığını diqqətə çatdırıb: "Maliyyə məsələlərindən başqa hüquqi meyarda da bir az problem var. Maliyyə meyarı düzəlsə, hüquqi meyarı yoluna qoymaq olar. Bizim də çempionatda oynamağımız çox yaxşı olardı. Amma qarşımızdakı maneələri aşmalıyıq".

Son xəbərlər

Orphus sistemi