"Təəssüf ki, matçı izləyə bilmədim. Sadəcə, nəticəsini öyrəndim".
Bu fikirləri "Report"a açıqlamasında "Sabah" klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov komandanın Azərbaycan Kubokunun 1/8 final mərhələsində I Divizion təmsilçisi "Kəpəz"ə evdə 1:2 hesabı ilə uduzduğu oyun barədə danışarkən deyib.
Veteran futbolçu görüşün nəticəsinin məyusedici olduğunu bildirib: "Komandanın məğlubiyyətinin səbəbləri barədə danışa bilmərəm. Bu oyun artıq geridə qaldı. Nəticə çıxarmaq və irəliyə baxmaq lazımdır".
Ponomaryov klubda hər hansı dəyişikliyin vacibliyi barədə danışmağın tutduğu vəzifə baxımından etik olmadığını vurğulayıb: "Hər gün komanda ilə işləyən insanlar var. Düşünürəm ki, bunu onlardan soruşmaq lazımdır".
Qeyd edək ki, "Sabah"ı mübarizədən kənarlaşdıran "Kəpəz" 1/4 finalda "Keşlə" ilə qarşılaşacaq.