Kaxaber Tsxadadze: "Artıq "Neftçi"ni daha yaxşı tanıyırıq"

Kaxaber Tsxadadze: "Artıq "Neftçi"ni daha yaxşı tanıyırıq" "Çoxdandır Bakıda olmamışam. Azərbaycanda uzun illər ərzində çalışmışam. Bakı mənim üçün ən önəmli şəhərlərdən biridir"
Futbol
13 İyul , 2021 19:32
Kaxaber Tsxadadze: Artıq Neftçini daha yaxşı tanıyırıq

"Çoxdandır Bakıda olmamışam. Azərbaycanda uzun illər ərzində çalışmışam. Bakı mənim üçün ən önəmli şəhərlərdən biridir"

"Report"un məlumatına görə, bu fikirləri Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun baş məşqçisi Kaxaber Tsxadadze Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, sabah maraqlı oyun olacaq: "Hər biriniz matçdan həzz alacaqsınız. Sabah hər iki tərəfi daha çətin oyun gözləyir. Çünki komandalar bir-birinin zəif tərəflərini gördülər".

Gürcüstanlı baş məşqçi Bakını bu dəfə daha böyük və gözəl gördüyünü söyləyib: "Əvvəl də dediyim ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir".

Tsxadadzenin sözlərinə görə, "Neftçi" "Dinamo"dan güclü deyil: "İlk görüşdə qapıya 8 zərbəmiz oldu və bunların yeddisini rəqib qapıçı saxladı. İki kobud səhvə yol verdik ki, bu da nəticəyə təsir etdi. Artıq belə səhvlər etməyəcəyik. Çünki rəqibi daha yaxşı tanıyırıq".

Mütəxəssis səfər qolu qaydasının ləğini problem saymadıqlarını söyləyib: "Qələbəyə ümidimiz böyükdür. Sabah meydana bunun üçün çıxacağıq. Biz "Neftçi"nin zəif olduğunu demirik. Heyətində çox güclü futbolçular var. Sadəcə, ilk oyundakı məğlubiyyət rəqibin gücünün deyil, öz səhvlərimizin nəticəsidir".

Tsxadadze matçın keçiriləcəyi "Bakcell Arena" stadionu ilə bağlı da danışıb: "Bura sırf futbol üçün nəzərdə tutulub. Çox stadionda olmuşam. Amma beləsini görməmişəm. Arena binaların arasında yerləşdiyindən futbolçular özlərini evlərindəki kimi hiss edir".

O, "Neftçi"nin zəif tərəfləri barədə fikir bildirmək istəmədiyini vurğulayıb: "Sabah hər iki komanda rəqib səhvlərindən istifadə edib qələbə qazanmağa çalışacaq. Heyət barədə danışmaq istəmirəm. Sizcə, Samir Abasov eyni situasiyada start heyətini deyər? Əlbəttə ki, yox. Ona görə mən də demirəm. Azarkeşlərin narazılığına gəlincə, onlar stadiona bunun üçün gəlir ki, oyuna baxsın və nəyəsə etiraz etsin (gülür)".

Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi