"Millinin oyunları ilə əlaqədar yaranan fasilədə yaxşı hazırlıq prosesi keçdik. Həm psixoloji, həm də emosional cəhətdən bizə lazım olan məqamlara diqqət yetirdik. “Qarabağ” və “Sabah”la oyunlarda xarakter göstərməyimiz bizi sevindirmişdi. Xarakter formalaşdırmaq asan deyil. Bəlkə də, məğlubiyyətlər komandada belə bir xarakter yaratdı".
"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis oyunun asan keçmədiyini bildirb: "Hər iki komanda üçün çətin olacağını bilirdik. Ancaq maraqlı mübarizə alındı. “Səbail”də də Aftandil Hacıyev çox yaxşı komanda qurub. Hər iki komanda ilk dəqiqədən sona qədər meydanda dayanmadı. Birinci hissədə daha çox qol imkanlarımız oldu. Dəyərləndirsəydik, bəlkə bizim üçün daha asan olardı. Qəbələ bizə çox lazım idi”.
Qurbanov mövsümün əvvəlində ardıcıl məğlubiyyətlərdən sonra “qara zolaq”dan çıxdıqlarını düşünür: “Yaxşı günlər yaşamadıq. Amma bu o demək deyil ki, oyundan-oyuna nəsə dəyişəcək. Sadəcə, yanaşmamızı dəyişməməliyik. Uduzduğun zaman yeni həftəyə neqativ halda başlayırsan. Ancaq qələbə qazandığın zaman işlədiyin plan dəyişməz olaraq qalır. Bunu da pozitiv həyata keçirməyə çalışırsan. Bu yöndə çox fərq edir. Qələbə qazanmaq bizim məsuliyyətimizi artırır. İşə tam köklənmək mənim əsas prinsipimdir. Futbolçulara da çatdırırıq ki, həyatımızı tam təşkil edən futbol olmalıdır. Ona heç nə maneçilik törədə bilməz”.
Baş məşqçi cəzası başa çatan hücumçu Anatole Abanqın ikinci hissədə meydana çıxmasının fiziki durumla əlaqəli olmadığını söyləyib. O, forvardın aqressiv oynaması ilə bağlı da fikirlərini bölüşüb: “Abanq komanda ilə məşqlər edir. “Sumqayıt”la yoxlama görüşündə də meydana start heyətində çıxmışdı. Sadəcə, bu gün planımız onun ikinci hissədə mübarizəyə qoşulması yönündə idi. Onu ikinci hissəyə saxlamışdıq, şükürlər olsun ki, ümidlərimizi doğrultdu. Aqressiv, sürətli futbolçudur. Bilirdik ki, bu görüşdə təkbətək epizodlar çox olacaq. Xüsusən də, ikinci hissədə. Təkbətək epizodlardan üstün ayrılmaq üçün iri cüssəli futbolçuya ehtiyacımız var idi. Bu da ikinci hissədə gözləntilərimizi doğrultdu”.
Mütəxəssis yarımmüdafiəçi Rəhman Hacıyevin iştirak ərizəsinə salınmamasının səbəbini də açıqlayıb: “Rəhman Hacıyevin zədəsi var. “Sumqayıt”la yoxlama görüşü keçirəndə arxa əzələsində ağrılar hiss elədi və əvəzlədik. Risk etmək istəmədik. Həkimlər onun növbəti həftədən komandaya qoşulacağını deyir. Bu gün matçın iştirak ərizəsində adının olmaması zədə ilə bağlı idi”.