"Keşlə"nin baş məşqçisi: "Rəhbərlik desə, getməyə hazıram"

"Keşlə"nin baş məşqçisi: "Rəhbərlik desə, getməyə hazıram" "Hər dəfə uduzandan sonra nəsə danışmaq çətindir. Belə start gözləmirdik. Tamam fərqli ssenari gözləyirdik. Bəlkə məşqlər bizi aldatdı, bəlkə də transferlər yaxşı olmadı. Omar Qudiabi və Aldair Neto nəinki gözləntilərimizi qarşılamır, öz qapımıza qol vuru
Futbol
19 Sentyabr , 2021 20:39
Keşlənin baş məşqçisi: Rəhbərlik desə, getməyə hazıram

"Hər dəfə uduzandan sonra nəsə danışmaq çətindir. Belə start gözləmirdik. Tamam fərqli ssenari gözləyirdik. Bəlkə məşqlər bizi aldatdı, bəlkə də transferlər yaxşı olmadı. Omar Qudiabi və Aldair Neto nəinki gözləntilərimizi qarşılayır, öz qapımıza qol vururlar. Buna görə özümü günahlandırıram. Bəlkə də o pula daha yaxşı oyunçular almaq olardı. Getmək asandır. Hər dəfə gözləyirsən ki, bəlkə düzələr. Rəqib "Neftçi" olsa da, məğlubiyyət pis təsir edir. Qol imkanlarından istifadə edə bilmirik. Üzərimizdə təzyiq var".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis istefa məsələsinin gündəmdə olduğunu gizlətməyib: "Ölkə kuboku təsadüfən qazanıldı" deyənlər sonradan heç nə yazmadılar. Hər məğlubiyyətdən sonra çamadan bir az da dolur, götürüb getməyə hazırlaşırsan. Bəzən həqiqəti yazırlar, bəzən də atmaca atırlar. Futbolda təsadüfi nəticə olmur. Rəhbərlik desə, getməyə hazıram. Pis oynamağımız heç kimi maraqlandırmır. Burada təzminat söhbəti gedə bilməz. Rəhbərlik deyir ki, Sənan, başını sal aşağı, işini gör. İstefa verməkdən qorxmuram. Bəlkə də yerimə məşqçi tapılandan sonra mənimlə vidalaşacaqlar".

Qurbanov bildirib ki, komandanın üzərində böyük təzyiq var: "11 futbolçunun 6-sı axsayırsa, nəsə danışmağa dəyməz. Bəlkə də başqa futbolçuların üzərində dayansaydıq, belə olmazdı. Futbolçu topu itirirsə, nə edə bilərəm? Çıxış yolu var. Bəlkə də mənim gedişimdən sonra düzələcək. Yalvarıb, burada qalmaq fikrim yoxdur. Rəhbərlik arxamızda dayanıb. Görürlər ki, səhər tezdən bazaya gəlib, axşam gedirəm. Bəlkə rəhbərliyin də yazığı gəlir ki, bu səhərdən axşamadək işləyir, sadəcə, nəticə yoxdur. Meydanda hər şeyə baş məşqçi cavabdehdir. Hər şeyin ən yaxşısını etməyə çalışıram. Mənim üçün ikiqat ağırdır, amma mübarizə aparıram".

Baş məşqçi yeni transferlərin alınmasında tələskənliyə yol verdiklərini söyləyib: "Bəzi futbolçular 2-3 min manatın söhbətini etdilər. Oyunda elementar şeyləri edə bilmirik. Bunu görəndə dəli oluram. Bu gün topu rəqibdən alıb, qapımıza qol vurduq. Mən futbolçuya "filan yerə qaç" deyirəm, o, başqa yerə qaçır".

Qurbanovun sözlərinə görə, bəzi oyunlarda yaxşı oynasalar da, uduzublar: "Bütün bunları analiz zamanı futbolçulara deməliyəm. Onda isə futbolçu səhvini düzəltmək əvəzinə psixoloji gərginliyə düşür. Məğlub olduqca vəziyyət daha da gərginləşir. Bəlkə də desəm ki, çxın özünüz oynayın, başqa cür olar. Çalışırıq ki, müxtəlif üsullarla futbolçuları hazırkı durumdan çıxaraq. İşim-gücüm araşdırmaq, kitab oxumaqdır. Məsələn, "Arsenal"ın baş məşqçisi Mikel Arteta deyir ki, hər şey normaldır, səbr etmək lazımdır. Problemi yalnız meydanda həll etmək olar. Heç bir futbolçu bazaya məndən tez gələ bilməz. Pozitiv kinolara belə, əl atmışıq ki, futbolçuları mübarizə aparmağa öyrədək. Artıq özümü də yükləmişəm. Neqativi kənara atıb pozitiv düşünməli, daha intensiv işləməliyik. Çıxış yolumuzu bunda görürəm".

Mütəxəssis müdafiəçi Miyusko Boyoviçin ehtiyatda qalmasına da aydınlıq gətirib: "Komanda şəklində hücum etmək istəyirik ki, rəqibə çətinlik yaradaq. Sən futbolçusan, şahmatçı deyilsən. Əli Qurbani, Davit Volkov Boyoviçin yanından qaçdı. Belə olmaz axı. Məşqdə qaçır, oyunda qaçmır. Videoda göstərirəm ki, sən qaçmadın, rəqib Useyn Bolt oldu. Bazaya gedəndə utanıram. Evdə də eyni vəziyyətdir. İşimiz həyatımıza da təsir edir. Bütün mövqelərdə sıxıntı var".

Qurbanov istədiyi oyun üslubundan əl çəkməyəcəklərini bildirib: "Futbolçularımız test olaraq optimal formadadırlar. Sadəcə, taktiki səhvlərimiz var. Bu gün birinci hissədə kompakt müdafiə olunurduq. Hamı bir-birini sığortalayırdı. Amma bir anda unutdular ki, rəqibi 3-cü yox, 2-ci zonada qarşılamalıyıq. Qoladək 2 epizodumuz var idi. Netonun yerində mən olsaydım, həmin qolu vurardım".

Son xəbərlər

Orphus sistemi