"Keşlə"nin legioneri: "Azərbaycanda mənə güvənirlər"

"Keşlə"nin legioneri: "Azərbaycanda mənə güvənirlər" "Əslində, mövsümə yeni kollektiv ilə başladıq. Ona görə ilk vaxtlarda oyunumuz alınmırdı. Amma hazırda xal fərqi azdır və əminəm ki, oyundan-oyuna sürəti artırdıqca daha yaxşı pillədə olacağıq".
Futbol
10 Noyabr , 2021 21:21
Keşlənin legioneri: Azərbaycanda mənə güvənirlər

"Əslində, mövsümə yeni kollektiv ilə başladıq. Ona görə ilk vaxtlarda oyunumuz alınmırdı. Amma hazırda xal fərqi azdır və əminəm ki, oyundan-oyuna sürəti artırdıqca daha yaxşı pillədə olacağıq".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin futbolçusu Merab Giqauri komandasının Premyer Liqadakı uğursuz çıxışı barədə "Lelo" nəşrinə müsahibəsində deyib.

28 yaşlı yarımmüdafiəçi sonuncu - X turda "Neftçi"yə qarşı yaxşı oyun keçirdiklərini bildirib: "İlk hissədən sonra geridə olsaq da, gedişatı dəyişə bildik və yekunda 3:2 hesablı qələbə qazandıq. Bunun inkişafa təkan olub-olmayacağını zaman göstərəcək".

Təcrübəli oyunçu klubunu dəyişməklə bağlı yekun qərar vermədiyini deyib: "Hələlik konkret bir şey yoxdur. Görək, necə olur? "Keşlə" ilə gələn ilin yayınadək müqaviləm var. Bu müddətdə maraqlanan klublar mənimlə əlaqə saxlaya bilərlər. Məni Azərbaycanda tanıyır, etibar edirlər".

Giqauri "Zirə"də çıxış edən həmyerlisi Davit Volkovun Gürcüstan millisinə dəvət almasına da toxunub: "Bu, çox yaxşı xəbər oldu. Volkov öz oyunu, peşəkarlığı və əzmkarlığı ilə yığmaya çağırılmağa layiq idi. Ona ürəkdən uğurlar arzulayıram. Yığmaya davamlı dəvət alması üçün potensialı var".

O, 26 yaşlı hücumçunun "Zirə"də özünü yaxşı tərəfdən göstərdiyini vurğulayıb: "Ötən mövsümə də əla başlamışdı. Amma zədə qarşısını kəsdi. Bu mövsüm isə daha yaxşı vəziyyətdədir. Artıq 8 qol vurub və bombardirlik uğrunda mübarizə aparır. Oyundan-oyuna böyüyür. Azərbaycan Premyer Liqasında çox sayda tanınmış və yüksək məvacib alan hücumçular var. Bununla belə, o, öz mövqeyində ən yaxşılardan biridir. Bir sözlə, Volkov həqiqətən də canavar kimidir"!

Giqauri forvardın çıxışına Azərbaycanda yaxşı qiymət verildiyini əlavə edib: "Zirə" onun Azərbaycanda ikinci komandasıdır. Orada ümidləri doğruldur. Volkov heç bir mübarizədən çəkinmir və hər oyunda sonadək vuruşur".

Futbolçu keçmiş komanda yoldaşının Azərbaycana gəldikdən sonra xeyli inkişaf etdiyini bildirib: "Məncə, o, futbolçu kimi böyüyüb və xeyli artırıb. Bu, nəticələrdə də öz əksini tapır. Volkov soyuqqanlı, peşəkar və çalışqan oyunçudur. Əminəm ki, o, daha da böyük nailiyyətlər əldə edəcək".

Qeyd edək ki, Merab Giqauri və Davit Volkov 2019-cu ildə "Qəbələ"nin formasını geyiniblər.

Son xəbərlər

Orphus sistemi