"Keşlə"nin qapıçısı: "Kimin qalacağını yalnız baş məşqçi bilir"

"Keşlə"nin qapıçısı: "Kimin qalacağını yalnız baş məşqçi bilir" "Keşlə" futbol klubunun moldovalı qapıçısı Stanislav Namaşko Azərbaycan kubokundakı qələbəni xüsusi qeyd etməyib
Futbol
27 May , 2021 10:33
Keşlənin qapıçısı: Kimin qalacağını yalnız baş məşqçi bilir
Stanislav Namaşko

"Keşlə" futbol klubunun moldovalı qapıçısı Stanislav Namaşko Azərbaycan kubokundakı qələbəni xüsusi qeyd etməyib.

"Report"un məlumatına görə, bu barədə 35 yaşlı qolkiper ölkəsinin mətbuatına açıqlamasında deyib. Namaşko bu cür məsələlərə xüsusi yanaşmadığını bildirib.

Onun sözlərinə görə, matçdan sərhal sonra Moldovaya yola düşüb: "Ziyafət, əl yükü, aeroport... Kubokdakı qələbəni belə qeyd etdim. Çempionatdakı uğursuzluqdan sonra hədəf avrokuboklar və sonuncu olmamaq idi. Sonda istəyimizə çatdıq".

Təcrübəli qapıçı rəhbərliyin komandanın qarşısına qoyduğu məqsədə nail olduqlarını vurğulayıb: "Futbol ili çox qeyri-sabit keçdi, yaxşı və uğursuz oyunlar oldu, uğursuzluqlar da oldu. Amma yekunda ölkə kubokunu qazana bildik".

"Keşlə" ilə müqaviləsi başa çatan Namaşko gələcəyi barədə danışmaq istəməyib: "Komandada kimin qalacağını yalnız baş məşqçi bilir. Nəyisə təxmin etməyi sevmirəm. Yaxın günlərdə yığmaya qoşulacağam. Hazırda əsas fikrim millinin oyunlarındadır".

O, Azərbaycan millisi ilə iyunun 6-da Kişineuda keçirəcəkləri yoldaşlıq oyununa da toxunub: "Azərbaycanda 4 il birlikdə oynadığım uşaqları görmək xoş olacaq. Bəziləri ilə komanda yoldaşı, bəziləri ilə rəqib olmuşam. "Keşlə"dən milliyə dəvət alan Şəhriyar Əliyev və Azər Salahlı ilə danışmışam. Onlarla Kişineuda görüşəcəyik".

Son xəbərlər

Orphus sistemi