"Keşlə" klubu 3 legioner futbolçunun transferini həll edib.
Bu barədə "Report"a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.
41 yaşlı mütəxəssis bildirib ki, seneqallı yarımmüdafiəçi Omar Qudiabi sabah müqavilə imzalamaq üçün Bakıya gələcək. Qurbanovun sözlərinə görə, anqolalı yarımmüdafiəçi Aldair Neto ilə artıq sözləşmə bağlanılıb.
Baş məşqçi Sloveniyanın "Maribor" klubundan ayrılan Felipe Santosun isə iyunun 23-də Azərbaycana gələcəyini sözlərinə əlavə edib: "Bir-iki mövqeyə axtarışlarımız davam edir, amma büdcəmizə uyğun hərəkət edirik".
Qurbanov ötən mövsümün sonunda "Qəbələ" ilə müqaviləsi başa çatan Rafael Utriqin keçidinin alınmadığı söyləyib: "Biz onunla maraqlanırdıq. Amma braziliyalı oyunçu bəlkə də daha sərfəli təklif olacağını gözləyir. Futbolçudur, onu da başa düşmək olar. Biz təklifimizi göndərdik, amma bir az gecikmə olduğu üçün Felipe Santosla danışıq apardıq, Santosla razılıq əldə edəndən sonra Utriq söhbəti bizim üçün bağlandı".
Mütəxəssis az məvaciblə komandada çıxış etmək istəyən gənc futbolçularla maraqlanacaqlarını da sözlərinə əlavə edib: "Ən azından gənc futbolçunu və ya legioneri götürə bilərik. Bu yöndə işlər gedir. Gürcüstandan və İrandan olan belə futbolçularla maraqlanırıq".
Qeyd edək ki, "Keşlə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın "Soçi" klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.