"Neftçi" klubunun yeni transferi Keysuke Honda "La Gazzetta dello Sport"un suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir...
"Bu gün Bakıdayam, sabah isə kim bilir harada"
- Necə oldu ki, Dünya Turnesi sizi Azərbaycana gətirdi?
- Yeni çağırış axtarırdım və Bakını seçdim. Mənə oynamaq lazım idi. Biz çempion olmağa çalışırıq.
- "Neftçi" son 5 mövsümdə 5-ci komandanız oldu...
- Mənə özümü göstərmək üçün həmişə yeni stimullar lazımdır. Bu, karyera məsələsi deyil. Karyera barədə gənc ikən düşünürdüm. Pul məsələsi də deyil. Mən yalnız öz ehtirasım, futbol arxasınca düşmüşəm.
- Yəqin ki, burada əsas söz "ehtiras"dır...
- Çoxları "Keysuke qurtarıb" deyir. Mən yalnız problemlər barədə düşünür və sevdiyim işi görürəm. Bu gün Bakıdayam, sabah isə kim bilir harada.
- Yenidən İtaliya A Seriyası ola bilər?
- Heç vaxt "heç vaxt" demə. Layihə xoşuma gəlirsə, niyə də yox?! Özümü baş məşqçi və komanda üçün vacib hiss etməliyəm.
"Milan"ın strategiyası və pulu yox idi"
- "Milan"a keçidiniz necə alınmışdı?
- 2014-cü ildə "Milan"dan təklif gələn kimi bir dəqiqə də düşünmədən razılıq verdim. Bundan daha əvvəl "Latsio"dan da təklif var idi. Lakin çıxış etdiyim Rusiya MOİK-i razılıq vermədi.
- Sizə İtaliyaya getməyi Yaponiya yığmasının sabiq baş məşqçisi Alberto Zakkeroni məsləhət gördü?
- Biz onunla bu barədə xeyli danışdıq. Zakkeroni mənə İtaliya mədəniyyətini, ölkəni və fanatların isti münasibətini anlatdı. O, qərar verməyimə kömək etdi. Bir sözlə, bu mütəxəssislə xeyli artırdım.
- "Milan"a keçən kimi 10 nömrəli formanı seçməyinizə səbəb nə oldu?
- 12 yaşımda ikən orta məktəbdə bu barədə inşa yazmışdım. Hətta bu gün də Adriano Qallianiyə ("Milan"ın keçmiş vitse-prezidenti - red.) arzumu həyata keçirmək imkanı yaratdığı üçün minnətdaram. Lakin orada çoxlu problem var idi. Digər kontekstdə, yəqin ki, heç vaxt "Milan"da oynamazdım. Bunu etiraf etməliyəm. Belə bir çətin situasiya mənə kömək etdi.
- Nə mənada?
- Klubun top-futbolçular almağa pulu yox idi. Bu səbəbdən bir çox "normal" oyunçu "qırmızı-qara" formanı geyinmək imkanı qazandı. Həmin vaxt klubun strategiyası, dəqiq korporativ strukturu yox idi. Hər üç ayda komandaya yeni baş məşqçi gəlirdi. Belə bir ab-havada nəticəyə nail olmaq mümkünsüz idi. Gücümüzün 100 faizini ortaya qoyurduq. Lakin azarkeşlər daha çoxunu gözləyirdi.
- Ehtiyat oyunçular skamyasında sonradan komandada baş məşqçi kimi çalışmış Filippo İnzagi də var idi...
- O, yaxşı oyunçu idi, baş məşqçilik imkanını xeyli tez əldə etdi. İqnasio Abate və ya Cakomo Bonaventura kimi yaxşı oyunçular var idi. Tez-tez deyirdik ki, bu, bizdən əlavə güc tələb edir. Amma bəzi oyunçular bunu başa düşmürdü. Ona görə də məsuliyyət İnzaginin üzərinə düşürdü.
"Balotelli üçün məşq iki gündən sonra darıxdırıcı idi"
- Mario Balotelli barədə hansı xatirələriniz qalıb?
- Nəhəng istedada malik idi. Amma o, daha da yaxşı olmaq üçün heç nə etmədi. Mən onun günlük nizam qaydasını dəyişmək istədim. "Mario, mənə inan. Daha yaxşı olmaq istəyirsənsə, daha çox məşq etməlisən" dedim. O, mənə ciddi ifadə ilə baxdı və ertəsi gün idman zalına məşqdən 40 dəqiqə əvvəl gəldi. Daha bir gün də belə etdi. Lakin üçüncü gün onun üçün darıxdırıcı idi. Bu, Mariodur.
- Bəs kapitan Alessio Romanyoli?
- Əla müdafiəçi idi. Lakin o da həmin illərdə 100 faizlik məşq etmirdi. Özünə daha çox inanmalı və fərqli fəlsəfəyə malik olmalıdır.
- Bəs Canluici Donnarumma barədə nə düşünürsünüz?
- O da adaşı Buffon kimi dünyanın ən yaxşı qapıçılarından ola bilər. Donnarummaya həmişə deyirdim ki, bunu bacarsa, mənə yaxşı şərabla şam yeməyi təklif edə bilər.
- İndi "Milan" əbədiyaşar Zlatan İbrahimoviçdən zövq alır...
- İbrahimoviçlə heç vaxt görüşməmişəm. Amma bunu istərdim. Fikrimcə, futbol anlamında nəhəngdir. Xarakteri baxımından da çox şey öyrənmək istərdim. Ümidvaram ki, "Milan"la Skudettonu qazana biləcək. Bu komandanı daim izləyirəm.
- Hazırda A Seriyasında çıxış edən iki yaponiyalı Maya Yosida və Takehiro Tomiyasu barədə fikirləriniz necədir?
- Maya Yaponiyanın ən yaxşı müdafiəçisidir. Takehiro isə gənc, amma böyük gələcəyə malik oyunçudur. İtaliyada bir çox şeylərini daha da yaxşılaşdırsalar, ideal oyunçuya çevrilə bilərlər.
"Uill Smitlə birgə fondum var"
- Siz həm də sahibkarsınız...
- Mən müxtəlif müəssisələri idarə edirəm. "NowDo" ilə biz aşağı məbləğə təhsil təklif edirik. Mən Yaponiyada xeyli məşhur sosial audiosistem olan "NowVoice" şirkətini yaratmışam. Eyni zamanda, Tokioda tamamilə onlayn idarə olunan həvəskar "Edo All United" adlı komandam var. Həmçinin, müxtəlif investisiya fondlarım, o cümlədən Uill Smitlə birgə fondum var. Rəqəmsal tədbirlər və informasiya texnologiyaları vasitəsilə dərmanların işlənilib-hazırlanmasından elektron kommersiyayadək müxtəlif sektorlarda 150-dən çox startapı maliyyələşdirmişik.
- Bir sözlə, rəngarəng həyat tərziniz var...
- Mən həm də Kamboca yığmasının baş meneceriyəm. O qədər xoşbəxtəm ki... Heç vaxt məzuniyyətə getmirəm. Belə bir imkanım olan kimi İtaliyaya qayıdacağam. Bəlkə də oynamaq üçün.
- Hobbiniz nədir?
- Bu, ən çətin sualdır (gülür - red.). Oxumağı sevirəm.