Kiprin "Omoniya" klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda bəzi əsas futbolçularından istifadə etməyəcək.
"Report" "24sports"a istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin baş məşqçisi Henninq Berq turnirdə iddiaları qalmadığı üçün fərqli start heyətlə meydana çıxacaq.
52 yaşlı norveçli mütəxəssis aparıcı oyunçularından yalnız daxili çempionatda yararlanmaq niyyətindədir. Komanda Kipr çempionatında 8 oyundan sonra 10 xalla 8-ci yerdədir.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.
4 oyundan sonra 10 xal toplayan Azərbaycan təmsilçisi H qrupunda liderdir və vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib. Kipr klubu isə 2 xalla 3-cü sırada qərarlaşıb.