Klublarımız üçün "Zirə" nümunəsi: Digər komandalar niyə təcrid olunmur?

Klublarımız üçün "Zirə" nümunəsi: Digər komandalar niyə təcrid olunmur? Azərbaycan Premyer Liqasında koronavirusa yoluxma halları sürətlə artmaqdadır.
Futbol
5 Dekabr , 2020 23:53
Klublarımız üçün Zirə nümunəsi: Digər komandalar niyə təcrid olunmur?

Azərbaycan Premyer Liqasında koronavirusa yoluxma halları sürətlə artmaqdadır.

"Report"un məlumatına görə, bəzi komandaların heyətində 10-dan artıq xəstə futbolçu aşkarlanıb. Hətta baş məşqçilərdən də infeksiyaya yoluxanlar var. Nəticədə XI turun bütün oyunları - "Keşlə" - "Səbail", "Sabah" - "Neftçi", "Zirə" - "Sumqayıt" və "Qarabağ" - "Qəbələ" matçları təxirə salınıb.

Klublar virusla mübarizədə müxtəlif təhlükəsizlik tədbirləri görsələr də, futbol dili ilə desək, hələlik ən düzgün taktikanı "Zirə" seçib. Baş məşqçi Rəşad Sadıqovun göstərişi ilə bütün komanda öz bazasında təcrid olunub. Hazırda heyətdə cəmi bir aktiv koronavirus xəstəsinin olması da, qəsəbə təmsilçisinin düzgün addım atdığını təsdiqləyir.

"Zirə"nin baş meneceri Elman Himayətoğlu "Report"a açıqlamasında təhlükəni minimuma endirmək üçün komandanı təcrid etdiklərini bildirib: "Son vaxtlar virusa yoluxma sayında müşahidə olunan yüksəliş hamı üçün təhlükə yaradır. Artıq virus çox yaxınımızdadır. Təbii ki, fərdi qaydada yoluxma təhlükəsinin azaldılması üçün hər kəs məlumatlandırılır və nəzarət də gücləndirilib. Amma bəzən bunlar da kifayət etməyə bilər. Dediyim kimi, virus çox yaxınımızdadır və hər an hamı yoluxa bilər. Mövsümün ilk yarısının başa çatmasına təxminən 20 gün qalıb. Bu müddətdə komandanı qorumaq, təhlükəni minimuma endirmək üçün baş məşqçi Rəşad Sadıqov bütün kollektivi təcrid etməyi qərara aldı.

Hazırda vəziyyət qənaətbəxşdir. Komanda bu həftənin əvvəlindən COVID-19 testi verdikdən sonra bazada qalır. Buradan isə yalnız məşqə gedib-gəlirlər. Ətrafla təmas tam minimuma endirilib, həkimlər də vəziyyəti daim nəzarətdə saxlayırlar".

Bəs digər klublar niyə bu variantdan istifadə etmir? Bu yolla futbolçuların başqa insanlarla ünsiyyətdə olmasını minimuma endirmək mümkündür. Nəzərə alaq ki, çempionatda qış fasiləsinə 1 aydan da az vaxt qalıb. Komandalar təcrid olunmaqla, ən azı fasiləyədək oyunlarını problemsiz keçirə bilərdilər.

"Qarabağ"ın baş meneceri Asif Əsgərovun sözlərinə görə, komanda onsuz da təcrid olunmuş vəziyyətdədir: "Kollektiv bu həftənin çərşənbə axşamından bazada qaldı. Çünki UEFA üçün də ayrıca test verdik. Bundan sonra komanda bazada məskunlaşdı.

Asif Əsgərov
Asif Əsgərov

Türkiyədən dekabrın 4-də qayıtmışıq. İstəyərək yox, məcburi səbəblərdən həyatımız təsrid olunmuş vəziyyətdə davam edir. 3 gündən bir oyun keçiririk. Bunların bəziləri avrokubok matçları olduğu və səfərdə baş tutduğu üçün komandanı maksimum dərəcədə qorumağa və hazırlamağa çalışırıq".

"Neftçi"nin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev bir çox hallarda təcridetmənin də işə yaramadığını söyləyib: "Biz klub olaraq, bütün tədbirləri vaxtında gördüyümüzü hesab edirdik. Bizdə koronavirusa daha çox çöldə başqaları ilə ünsiyyətdə olanlar yoluxdu. İlk yoluxanlar Cabir Əmirli və Emin Mahmudov idi. Onlar zədəli olduqları üçün yalnız müalicəyə gəlib-gedirdilər. Komandadan heç kimlə əlaqədə olmurdular.

Sonra səfər zamanı milli komandada virus yayıldı. Mirabdulla Abbasov yığmadan qayıtdıqdan sonra komandamızla 2 gün məşq etdi. Daha sonra "Qəbələ" ilə matçdan əvvəl test verdik. Həmin vaxt nəticə yalnız Mirabdullada müsbət çıxdı. Növbəti həftədə millinin digər üzvü Anton Krivotsyukda infeksiya aşkarlandı. Bütün həftəni komanda ilə birlikdə məşq etdiyi üçün bəzi oyunçular da yoluxdu.

Bu, elə bir virusdur ki, nə qədər təcrid olunsan da, bir nəfərdən digərlərinə keçir. Halbuki bütün qabaqlayıcı tədbirləri görmüşdük. Yəni, bu, o demək deyil ki, komandada hər kəsin çöllə əlaqəsini kəssən, problem olmayacaq. Bunun qarşısını almaq çox çətindir".

"Sumqayıt"ın mətbuat katibi Rəşad Məmmədov bildirib ki, bu işdə mütləq futbol bazasının olması şərtdir: "Bizim klubun özünə məxsus bazası olmadığı üçün bu məsələ ilə bağlı konkret nəsə demək düzgün olmazdı. Otel variantına gəldikdə, burada komanda ilə yanaşı, başqa qonaqlar da məskunlaşırsa, bu da riskdir. Hər an futbolçular yoluxa bilər. Belə vəziyyətdə nəyin necə olacağı ilə bağlı heç kim zəmanət verə bilməz. İlk variantdakı məsələ özü belə risklidir.

Rəşad Məmmədov
Rəşad Məmmədov

Sənin komandanın şəxsi bazası varsa və bazada qalacaq futbolçulardan və ya inzibati heyətin bir üzvü virus daşıyıcısı olacaqsa, bu, daha böyük fəsadlara yola aça bilər. Həmin bir nəfər təcrid olunmuş digərlərini də yoluxdura bilər".

"Keşlə"nin Mətbuat katibi Murad Axundov qabaqlayıcı tədbirlərə baxmayaraq, komandada virusa yoluxma hallarının artdığını vurğulayıb: "Hər oyundan öncə test verir, futbolçularla fərdi söhbətlər aparırıq. Klubun həkimləri də virusla bağlı komanda üzvlərinə daha çox nəzarət edir, onların sağlamlığının qayğısına qalırlar. Təcridetmə məsələsinə gəldikdə, testdən sonra nəticələri müsbət çıxmış futbolçular tam izolyasiya olunurlar.

Klub olaraq, xəstəlik zamanı onların bütün ehtiyaclarını qarşılayır, futbolçuları daim həkim nəzarəti altında saxlayırıq. Ümumi götürsək, virusa yoluxmuş oyunçuların müalicəsi ilə məşğul oluruq. Həmçinin bazada, stadionda, ofisdə tez-tez dezinfeksiya işləri aparılır. Çalışırıq ki, futbolçuların başqaları ilə əlaqəsini minimuma endirək. Təəssüf ki, testlərin nəticəsinə görə 10 nəfərdə virus aşkarlanıb. İnanırıq ki, tezliklə bu bəladan canımızı qurtaracağıq".

"Qəbələ"nin Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev komanda şəklində təcrid oluna bilməmələrini Bakıda məskunlaşmaları ilə əlaqələndirib: "Bakıda bazamız yoxdur. Futbolçular xüsusi nəzarət altında gündəlik rejimlərini qururlar. Özlərini maksimum təcrid edirlər ki, yoluxmaya məruz qalmasınlar. Bakıda komanda şəklində tam təcrid olunmaq üçün şəraitimiz yoxdur".

"Sabah" klubunun Mətbuat katibi Elnur Həmidov bununla bağlı hələ may ayında Peşəkar Futbol Liqasına müraciət ünvanladıqlarını xatırladıb: "Həmin vaxt bütün komandaların təcrid olunmasını təklif etmişdik. Qapanma bir halda müsbət nəticə verə bilər ki, bu, bütün klublarda olsun. Belə olacağı təqdirdə, biz də komandanı təcrid edə bilərik.

Elnur Həmidov
Elnur Həmidov

Həftə sonu oyunlar olursa və qarşılaşan iki komandadan biri təcrid olunmursa, bu cür təcridin müsbət mənada ciddi təsirinin olacağını düşünmürük. Bundan əlavə, bizdə mütəmadi olaraq əsas komandaya əvəzedici heyətdən də futbolçular cəlb edilir. Hansı ki, həmin oyunçular I Divizionda oyunlar keçirir, digər komandaların üzvləri ilə ünsiyyətdə olurlar. Belədə əvəzedici komandanın da təcrid olunması məsələsi ortaya çıxır".

"Səbail" klubuna yenicə Mətbuat katibi təyin edilmiş Mehriban Mürsəlova isə bildirib ki, hazırda komandada tam qapanmaya ehtiyac yarada biləcək vəziyyət yoxdur: "Klub indiyə qədər yoluxmuş əməkdaşları və futbolçuları üçün lazımi tədbirləri görüb. Yoluxmuş futbolçular müəyyən edilmiş qaydada izolyasiya olunub və müalicələri aparılıb. Əlavə tədbirlərə ehtiyac olarsa, klub tərəfindən müvafiq addımlar atılacaq. Hazırda tapanmaya ehtiyac yaradacaq vəziyyət yoxdur".

Son xəbərlər

Orphus sistemi