"Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi tarixi matçda Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna yaxşı başlayan “köhlən atlar” 7-ci dəqiqədə hesabı açmağa yaxın olublar. Lakin Abdullah Zubir qapıçı Stiv Mandanda ilə üzbəüz epizodda zərbə vurmağa gecikib.
Cəmi 2 dəqiqə sonra fransalı yarımmüdafiəçinin fərqlənməsinə həmyerlisi olan 37 yaşlı qolkiper imkan verməyib.
Fransa təmsilçisi ilk real qol vəziyyətini 14-cü dəqiqədə yaradıb. Amma Arkadiuş Milikin vurduğu topu Luka Quqeşaşvili qaytarıb.
Bundan 3 dəqiqə sonra Toral Bayramov sol cinahdan cərimə meydançasına iti ötürmə versə də, komanda yoldaşlarından heç kim topa toxuna bilməyib.
30-cu dəqiqədə Bubakar Kamaranın uzaq məsafədən qüvvətli zərbəsi təhlükəli alınsa da, az fərqlə qapının üstündən keçib.
39-cu dəqiqədə Quqeşaşvilinin kobud səhvi künc zərbəsi ilə nəticələnib. Gürcüstanlı qapıçı hücumun davamında növbəti dəfə çıxışda səhvə yol verib. Fürsətdən maksimum yararlanan Milik 41-ci dəqiqədə hesabı açıb.
“Qarabağ” qolun şokundanm ayılmamış ikinci topu qapısında görüb. Cəmi 3 dəqiqə sonra polşalı hücumçu dublunu rəsmiləşdirib. Bu epizodda əvvəlcə Marko Veşoviç, ardınca isə Kevin Medinanın səhvləri həlledici rol oynayıb.
Ağdamlılar ilk hissənin sonuncu dəqiqəsində fərqi azalda bilərdilər. Toral Bayramov Mandanda ilə qarşı-qarşıya qalsa da, qapıçı səddini keçə bilməyib. Beləliklə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv fasiləyə məğlub yollanıb - 0:2.
İkinci hissəyə yaxşı başlayan tərəf isə “Marsel” olub. Bunun məntiqi nəticəsi kimi, Milik ardıcıl 2 epizodda təhlükə yaradıb.
50-ci dəqiqədə “Qarabağ”ın heyətində Filip Ozobiçin zərbəsi qapı dirəyindən meydanı tərk edib.
Az sonra “Marsel”dən Pap Quyenin hesab arasındakı fərqi artırmasına Quqeşaşvili mane olub. 23 yaşlı qolkiper yaxın məsafədən topun qapıdan keçməsinə imkan verməyib.
65-ci dəqiqədə rəqibin müdafiədəki səhvindən istifadə edən Zubir topu Vadjiyə ötürüb. Sonuncunun qüvvətli zərbəsini Mandanda çətinliklə dəf edə bilib.
79-cu dəqiqədə Bayramovun ötürməsindən sonra Kadi Borges topu dabanı ilə qapıya göndərməyə çalışsa da, təcrübəli qolkiper zərbənin qarşını ustalıqla alıb. Daha sonra yan xətt hakimi bayrağını qaldıraraq, oyundankənar vəziyyət olduğunu bildirib.
83-ci dəqiqədə Patrik Andradenin zərbəsi qüvvətli alınsa da, dəqiqlik çatmayıb.
85-ci dəqiqədə “Qarabağ” buraxılan toplardan birinin əvəzini çıxıb. Andradenin istiqamətində iti ötürməsindən sonra Kadi Borges topu qapıdan keçirib.
90-cı dəqiqədə Dmitri Payetin cərimə zərbəsini Quqeşaşvili dəf edib. Davamında isə top qapı tirindən geri qayıdıb.
Lakin Payet əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması fevralın 24-də Bakıda keçiriləcək.
Fransada "Marsel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 3-cü qol vurulub.
"Report"un məlumatına görə, 85-ci dəqiqələrdə Kadi Borges buraxılan toplardan birinin əvəzini çıxıb.
Fransada "Marsel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 2-ci hissə başlayıb.
"Report"un məlumatına görə, Ağdam klubu ilk yarıdan sonra hesabda geridədir - 0:2.
Fransada "Marsel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 2-ci qol vurulub.
"Report"un məlumatına görə, meydan sahiblərinin heyətində Arkadiuş Milik 44-cü dəqiqədə dubl edib. Ağdam klubu fasiləyə məğlub yollanıb.
İlk hissədə ermənilər təxribata cəd ediblər. Onlar "Velodrom" stadionunun tribunalarında Ermənistan bayraqları asıblar. Mühafizəçilər arenanın həmin hissəsinə tərəf getsələr də, bununla bağlı fanatlara xəbərdarlıq edən olmayıb.
Əslində UEFA təhlükəsizlik baxımından riskli oyunlarda 3-cü ölkə bayraqlarının stadiona gətirilməsinə icazə vermir.
Fransada "Marsel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 41-ci dəqiqədə Arkadiuş Milik meydan sahiblərini hesabda önə keçirib.
Fransada "Marsel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.
"Report"un məlumatına görə, "Velodrom" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edir.
Qeyd edək ki, cavab görüşü fevralın 24-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.