Bu gün Azərbaycanın daha iki klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, ötən mövsümün gümüş mükafatçısı "Qarabağ" Bakıda İsrailin "Aşdod" komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Oyun azarkeşlərin iştirakı ilə oynanılacaq. Görüşə 7 mindən çox bilet satılıb. Matça arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet ayrılıb.
Ötən mövsüm Azərbaycan Kubokunun qalibi olmuş "Keşlə" isə Rusiyada "Soçi"nin qonağı olacaq. "Fişt" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü albaniyalı hakim Enea Yorci idarə edəcək. Qarşılaşmaya az sayda azarkeş buraxılacaq.
22 iyul
UEFA Konfrans Liqası
20:00. "Qarabağ" - "Aşdod" (İsrail)
Baş hakim: Sergey Boyko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
20:00. "Soçi" (Rusiya) - "Keşlə"
Baş hakim: Enea Yorci (Albaniya)
Soçi. "Fişt" stadionu
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunları bir həftə sonra gerçəkləşəcək.