2020/2021 mövsümündə avrokuboklarda və Millətlər Liqasında indiyədək 5 oyunda texniki nəticə qeydə alınıb.
“Report”un məlumatına görə, bunların 2-si Çempionlar Liqasına (ÇL), 1-i Avropa Liqasına (AL), digər 2-si isə Millətlər Liqasına təsadüf edib.
Əvvəlcə ÇL-in ilkin təsnifat mərhələsində Kosovo “Drita”sı ilə Şimali İrlandiyanın “Linfild” komandaları arasında İsveçrədə keçirilməli olan qarşılaşma ləğv edilib. Kosovoluların heyətində virusa yoluxmuş 2 futbolçu aşkarlandığından, İsveçrə hökuməti komandanın 2 həftəlik karantinə alınmasına qərar verib. Nəticədə “Linfild”ə 3:0 hesablı texniki qələbə verilib.
Daha sonra eyni turnirin I təsnifat mərhələsində “Klaksvik” (Farer adaları) - "Slovan" (Slovakiya) görüşü qonaq komandanın bir futbolçusu və fizioterapevtində test nəticəsi müsbət çıxdığı üçün təxirə salınıb. Bratislava təmsilçisinə əvəzedici komandanın üzvləri ilə oynamaq şansı verilsə də, gənc oyunçularda da koronavirus aşkarlanması texniki məğlubiyyətə səbəb olub. Bununla da “Klaksvik” oynamadan mərhələ adlayıb.
Avropa Liqasının ilkin mərhələsində Kosovo “Priştina”sı Cəbəllütariqdə “Linkoln”la üz-üzə gəlməli olsa da, qonaqların 8 futbolçusu koronavirusa yolxduğundan, matç başqa vaxta keçirilib. Lakin "Priştina"nın oynamaq istədiyi digər heyətdə də virus aşkarlandığı üçün qarşılaşmanın ləğvinə qərar verilib. Kosovo klubu isə texniki məğlubiyyət alıb.
Millətlər Liqasında Norveç yığması Rumıniya ilə, Ukrayna seçməsi isə İsveçrə ilə səfər oyununa çıxa bilmədiyi üçün texniki məğlubiyyətlə üzləşib. Birinci qarşılaşma qrup mərhələsinin V, ikinci matç isə sonuncu – VI turu çərçivəsində oynanılmalı idi.
Qeyd edək ki, avrokuboklarda daha bir texniki nəticə qeydə alına bilər. “Qarabağ” heyətindəki kütləvi yoluxma səbəbindən Avropa Liqasının I qrupunun VI turunun “Vilyarreal”la oyunu üçün İspaniyaya gedə bilməyib. Nəticədə görüş təxirə salınıb. UEFA-nın Azərbaycan çempionuna texniki məğlubiyyət verəcəyi gözlənilir.