Koronavirus pandemiyası futbolda transferlərin sayına da təsir göstərib.
"Report"un məlumatına görə, FIFA-nın 2020-ci ildə transferlərlə bağlı hesabatından belə bir qənaət hasil olunur.
Müxtəlif ölkələrin klubları arasındakı transferlərin ümumi sayı 17 077 olub ki, bu da 2019-cu illə müqayisədə 5,4 faiz azdır. 2010-cu ildən sonra ilk dəfə transferlərin sayı əvvəlki illə müqayisədə azalıb. FIFA bunu pandemiya ilə əlaqələndirib. Digər tərəfdən, futbolçular 2018-ci illə müqayisədə (16 547) klublarını tez-tez dəyişiblər.
Eyni zamanda, ötən təqvim ilində transferlərdə iştirak etmiş klubların sayında yeni rekord (187 milli federasiyadan 4 178 komanda) müəyyənləşdirilib ki, bu da yeni maksimumdur.
Transfer ödənişləri isə 23,4 faiz azalıb və 5,63 milyard ABŞ dolları təşkil edib. Bu, 2017 - 2019-cu illərdəki analoji məbləğdən aşağıdır.