"Biz heç-heçə üçün gəlməmişik. Sabahkı matçda bizə mütləq qələbə lazımdır".
"Report"un məlumatına görə, bu fikirləri Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin lll tur oyunundan əvvəl mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis oyunun taktikası və strategiyası barədə danışmaq istəmədiyini söyləyib: "Sabahkı qarşılaşma maraqlı olacaq. "Qarabağ"ın Azərbaycan klubları arasında lider olduğunu bilirik. Bu rəqiblə görüşə ümidlə baxırıq. Rəqib hər il müntəzəm olaraq avrokuboklarda çıxış edir".
Berdıyev braziliyalı hücumçu Vaqner Lavın durumuna da aydınlıq gətirib: "O, Bazel"lə görüşdə zədələnib və bu səbəbdən cəmi 2-3 məşqə qatılıb. Buna baxmayaraq, sabah meydana çıxmaq şansı var".
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.