İngiltərə "Liverpul"unun qapıçısı Alisson Beker klubu üçün unikal nailiyyətə imza atıb.
"Report"un məlumatına görə, 28 yaşlı qolkiper Premyer Liqada XXXVI turun "Vest Bromviç"lə səfər oyununun 90+5-ci dəqiqəsində qol vuraraq, komandasına qələbə qazandırıb - 2:1. Bununla da braziliyalı oyunçu "Liverpul" tarixində rəsmi matçlarda fərqlənən ilk qapıçı olub.
Beker "qırmızılar"la 2018-ci ilin yayında 6 illik müqavilə bağlayıb. Mersisaydlılar onun keçidi üçün İtaliya "Roma"sına 72,5 milyon avro ödəyərək, futbol tarixinin ən bahalı qolkiperinə çeviriblər.
"Sambaçı" bu qolu mərhum atasına həsr edib: "Son bir ayda xeyli emosional idim. Özüm və ailəmlə bağlı çox şey baş vermişdi. Amma bu, mənim həyatımdır. Özümü tanıyandan atamla oynamışam. Onun bu qolu görməkdən ötrü bizimlə birgə olmasını istərdim, amma əminəm ki, hazırda göylərdə Allahın yanında mənim qoluma sevinir. Bu qolu ona, bütün ailəmə və komandama həsr edirəm. İndiki qədər heç vaxt xoşbəxt ola bilmərəm".
Qeyd edək ki, 1892-ci ildə yaradılmış "Liverpul" klubu 19 qat İngiltərə çempionudur. Hazırda komanda 36 oyundan 63 xalla turnir cədvəlində 6-cı yerdədir. 26 xala malik "Vest Bromviç" isə sondan əvvəlki - 19-cu pillədədir.