Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Sevilya"ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün komanda ilə birlikdə İspaniyaya aparılacaq.
"Report"un məlumatına görə, Zaqreb təmsilçisi Sevilya şəhərinə fevralın 15-də yola düşəcək.
25 yaşlı hücumçunun meydana çıxıb-çıxmayacağına baş məşqçi Jelko Kopiç qərar verəcək.
Emreli "Dinamo"da kollektiv məşqlərə ötən gün qatılıb. O, Xorvatiya klubuna keçdikdən sonra ölkə çempionatındakı iki qarşılaşmanı buraxıb.
Bu, azərbaycanlı forvardın eyni məkana ikinci səfəri olacaq. Emreli daha əvvəl "Qarabağ"ın heyətində 2019/2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin V tur matçında İspaniyada "Sevilya"ya qarşı oynayıb. Forvard 0:2 hesabı ilə uduzduqları görüşün 70-ci dəqiqəsində meydana daxil olub
Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.