"Çox yaxşı oynadıq. "Vilyarreal"ın keyfiyyətini digər komandalarla müqayisə etmək mümkün deyil. Yalnız özümüzü və qarşıdakı matçları düşünməliyik".
"Report" xəbər verir ki, bu fikirləri İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə İspaniya "Vilyarreal"ı ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis V turda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri oyundan da danışıb: "Hər şey özümüzdən asılıdır. Gələn həftə "Qarabağ"ı məğlub etməyə çalışacağıq. "Vilyarreal"ın isə "Sivasspor"a məğlub olmaması bizə yetərlidir. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik".
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” martçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.