2022-ci il dünya çempionatının seçmə oyunları üçün Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətinə daha bir futbolçu qoşulub.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" klubunun və yığmanın Kapitanı Maksim Medvedev bu gündən hazırlıq prosesində yer alacaq.
Medvedev martın 15-dən başlanmış hazırlıq prosesinin ilk günlərində iştirak etməyib. Həmin vaxt o, millinin baş məşqçisi Canni De Byaziyə müraciətində şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib. Baş məşqçi onun xahişini müsbət cavablandırıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.